ABŞ-nin Harvard Tibb Məktəbinin nəzdində fəaliyyət göstərən Dermatoloji Tədqiqat Mərkəzi tərəfindən aparılan yeni araşdırmaya görə, dırnaqların rəngi, quruluşu və böyümə tempi insan orqanizmindəki gizli xəstəliklərin ilkin göstəricisi ola bilər.
Redaktor.az xarici mənbəyə istinadla xəbər verir ki, araşdırmada 1000 nəfər iştirak edib və onların dırnaq forması, qalınlığı, üzərindəki ləkələr və rəng dəyişiklikləri təhlil olunub. Nəticələr göstərib ki:
"Dırnaqlarda saralma və matlaşma halları daha çox qaraciyər və ağciyər xəstəlikləri, eləcə də göbələk infeksiyaları ilə əlaqələndirilir. Qaşıqvari əyilmiş dırnaqlar (koilonişiya) isə dəmir çatışmazlığı və anemiya riski olan insanlarda daha çox rast gəlinib. Çox zolaqlı və ya rəngli xətlər ürək-damar problemləri, hətta bəzən melanoma adlı dəri xərçəngi ilə əlaqələndirilə bilər. Dırnaqların birdən-birə qırılması və nazikləşməsi isə zülal çatışmazlığı və tiroid disfunksiyası ilə əlaqələndirilir".
Tədqiqatın rəhbəri, dermatoloq Dr. Meya Goldstein bildirib ki, “Dırnaqlar bəzək elementi olmaqdan əlavə, bədənin daxili vəziyyətini xəbər verən vacib bioloji göstəricilərdən biridir”.
Mütəxəssislər qeyd edirlər ki, dırnaq dəyişiklikləri bəzən kosmetik və müvəqqəti səbəblərlə də bağlı ola bilər, lakin davamlı və aydın dəyişikliklər müşahidə olunarsa, mütləq terapevt və ya dermatoloqa müraciət edilməlidir.
Nuriyyə NATİQQIZI