Ukraynada Ali Radanın iclasında hakim "Xalqın qulluqçusu" partiyasının deputatları arasında dava düşüb.
Moderator.az-ın Ukrayna KİV-ə istinadən xəbərinə görə, hadisə "Rada" telekanalı ilə canlı yayımlanıb.
Məlumata görə, dava Xalq deputatları Vladlen Neklyudov və Gennadi Kasay arasında baş verib. Dava bir sıra deputatın parlamentin spikeri Ruslan Stefançukdan iclasın rəsmi yayımına başlamasını tələb etməsi fonunda başlayıb.
Deputatların çağırışından bir neçə dəqiqə sonra iclasın "Rada" kanalında yayıma başlanılıb.
Qeyd edək ki, bundan əvvəl parlamentari İrina Geraşenko iyulun 31-də son üç ildə ilk dəfə olaraq Radanın iclasının canlı yayımlanacağını bildirmişdi.
24 fevral 2022-ci il tarixinədək eyniadlı kanalda Radanın iclasları canlı yayımlanırdı. Müharibənin başlanmasından sonra təhlükəsizlik tədbirlərinin təmin edilməsi adı altında yayımlar dayandırılıb. Bununla belə, artıq iki ildən çoxdur ki, müxtəlif deputatlar iclasları müntəzəm olaraq "YouTube" və "TikTok"da yayımlayırlar.
Bildirək ki, Ukrayna parlamenti iyulun 31-də baş tutan iclasında Ukraynanın antikorrupsiya orqanlarının müstəqilliyinin bərpası ilə bağlı qanunu nəzərdən keçirib. Rada prezidentin Milli Antikorrupsiya Bürosu və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğun müstəqilliyinin bərpası haqqında qanun layihəsini dəstəkləyib.
Keçən həftə onların səlahiyyətlərinin məhdudlaşdırılması qərarı bütün Ukraynada kütləvi etirazlara, eləcə də Qərbdən Kiyevə yardımı dayandırmaqla bağlı hədələrə səbəb olmuşdu.
Bu gün antikorrupsiya orqanlarının müstəqilliyinə dəstək üçün daha bir mitinq Radanın binası yaxınlığındakı Mariinski parkında keçirilib. Etirazçılar iclasa gələn deputatlara "Ayıb olsun" şüarları ünvanlayıblar.