Bakı, 31 iyul, AZƏRTAC
Artıq otuz ildən sonra dünyada demensiya halları üç dəfə artacaq və 150 milyondan çox insana təsir edəcək. Böyük Britaniyadan olan alimlərin yeni araşdırması göstərir ki, ekoloji amillər bu prosesdə mühüm rol oynayır, belə ki, çirkli hava inkişaf etmiş ölkələrdə Altsheymer xəstəliyinə tutulma riskini əhəmiyyətli dərəcədə artırır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, havanın çirklənməsi neyrodegenerasiya riskinin artması nöqteyi-nəzərindən müxtəlif tədqiqatlarda dəfələrlə araşdırılıb, lakin müxtəlif səbəblərdən dəqiq səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək mümkün olmayıb. İndi isə alimlər 29 milyondan çox insanı əhatə edən geniş məlumat bazasını təhlil edərək ekologiyanın demensiyanın inkişaf riski üzərindəki təsirini qəti şəkildə müəyyənləşdiriblər.
Meta-analiz 51 tədqiqatı əhatə edib. Bu tədqiqatlara Şimali Amerika, Avropa, Asiya və Avstraliyada ekoloji vəziyyətin öyrənilməsinə dair işlər daxil edilib. Nəticədə alimlər demensiya riskini artıran üç növ hava çirklənməsini müəyyənləşdiriblər. Bu barədə “Science Daily” yazır.
Birinci növə 2,5 mikron və ya daha kiçik ölçülü bərk hissəciklər (PM2.5) daxildir. Onların mənbələri avtomobil qazları, istilik elektrik stansiyaları, müxtəlif sənaye prosesləri, odun sobaları, kaminlər, eləcə də tikinti zamanı ortaya çıxan tozdur.
İkinci təhlükəli çirklənmə növü fossil yanacağın yandırılması zamanı yaranan azot dioksididir. Bu maddə avtomobil qazlarında, xüsusilə dizel mühərrikli nəqliyyat vasitələrinin, sənaye tullantılarında, qaz sobaları və istilik cihazlarının fəaliyyəti nəticəsində əmələ gəlir. Azot dioksidinin yüksək konsentrasiyası tənəffüs yollarını qıcıqlandıraraq ağciyər funksiyasını zəiflədir, həmçinin astma kimi xəstəliklərin inkişafını sürətləndirir və ya onların ağırlaşmasına səbəb olur.
Nəhayət, üçüncü növə əsas mənbələri işlənmiş qazların emissiyası və odun yandırılması zamanı ortaya çıxan his daxildir. Hislə nəfəs aldıqda, o, ağciyərlərə dərin nüfuz edərək tənəffüs yolu xəstəliklərini ağırlaşdırır və ürək xəstəlikləri riskini artırır.
Alimlər müəyyən ediblər ki, hər 10 mikroqram/kubmetr (mkq/m³) PM2.5 hissəciyi demensiya riskini 17 faiz artırır. Məsələn, 2023-cü ildə Londonun mərkəzi yollarında PM2.5-in orta konsentrasiyası məhz 10 mkq/m³ təşkil edib.
Azot dioksidinə gəlincə, hər 10 mkq/m³ artım demensiya riskini 3 faiz artırır. 2023-cü ildə Londonun mərkəzi yollarında NO₂-nin orta konsentrasiyası 33 mkq/m³ olub. PM2.5 tərkibində olan hər 1 mkq/m³ his isə riski 13 faiz artırır. Böyük Britaniyada bu göstərici müxtəlif şəhərlərdə 1–1,5 mkq/m³ arasında dəyişir.
Tədqiqatçılar hesab edirlər ki, havanın çirklənməsi beyində oksidləşdirici stress və iltihab mexanizmləri vasitəsilə demensiyanın inkişafına gətirib çıxarır. Dolayı mexanizmlərdən biri də hissəciklərin ağciyərlərdən qan dövranı sisteminə keçməsi və nəticədə iltihabın yaranmasıdır.
Əvvəlki tədqiqatlardan birində alimlər göstərmişdilər ki, çirkli hava kişilərdə sonsuzluq riskini artırır. Qadınlarda isə sonsuzluq riski şəhərlərdəki səs-küylə əlaqələndirilir.