AZ

DİQQƏT! Yay aylarında bu məhsulları qətiyyən süfrənizdən ƏSKİK ETMƏYİN  - Əks halda...

Hava temperaturunun artması insanların qidalanma barəsində olan düşüncələrini dəyişir.


İsti və nəm hava orqanizmdə baş verən maddələr mübadiləsinə də öz təsirini göstərir. Bu baxımdan insanlarda qidalanma zamanı müəyyən çətinliklər yaranır. Hətta bəzi qidaların ağırlıq etməsi səbəbindən səhhəti pisləşənlər də az olmur.

 

Bəs isti yay günlərində insanlar necə qidalanmalıdır? Hansı qidalara üstünlük verməlidirlər? Nədən nə qədər yeməlidirlər?

 

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans-a açıqlamasında bu sualları cavablandırıb.

 


 

“Yay mövsümü meyvə-tərəvəzin ən bol olduğu mövsümdür. Xüsusilə, Azərbaycanda bu aylarda meyvə-tərəvəzin bolluğu, yeniliyi immuniteti gücləndirmək üçün daha böyük səbəbdir. Yay meyvələri olan gilas, albalı, çiyələk və s. xüsusilə, qan azlığı olan insanlara kömək olur. Eyni zamanda da tərkibində antioksidant maddələrin olması orqanizmin qocalmasının qarşısını alır, orqanizmdə sərbəst radikallarla mübarizə aparır. Bu kimi meyvə-tərəvəzləri yemək daha çox tövsiyə olunur. Həmçinin tərəvəzlərdən göyərtilər, xiyar, pomidor, badımcan, yaşıl bibər və s. növ tərəvəzlərin önəmi daha çoxdur. Bir yaşıl bibərin tərkibində olan C vitamini miqdarı orqanizmin günlük C vitamininə olan tələbatı tam şəkildə ödəyir”.

 

Mütəxəssis bildirib ki, bir çox hallarda yayın əvvəlində alınan qarpız, yemiş məhsullarının alınması və istifadəsi də xoşagəlməz nəticələr verə bilər.

 

“Avqustun 15-20-dən sonrakı tarixlərdə bu tərəvəzlərin istifadəsi Azərbaycan üçün daha xarakterikdir. Bundan əvvəl satılan qarpız-yemişi isə daha çox süni şəkildə yetişdirirlər. Bu zaman süni istilik və daha çox gübrələrdən istifadə olunur. Belə məhsullardan istifadə etdikdə isə xüsusilə, yüksək risk qrupuna məxsus olan yaşlılar, uşaqlar, eyni zamanda da xroniki xəstəliyi olan insanlarda əksər hallarda allergik reaksiyalarla yanaşı zəhərlənməyə də səbəb ola bilər. Bu məhsulların xaricdən gətirildiyi deyilsə də, bu onların zərərli olması gerçəyini dəyişmir. Xaricdən gətirilən məhsullar da uzun müddət əvvəl kal şəkildə dərilib saxlanılmasıdır. Bu məhsulların tərkibinin dəyişməsinə səbəb olur, eyni zamanda bu məhsullara müxtəlif kimyəvi maddələr də vurulur ki, bunlar insan orqanizmi üçün olduqca zərərlidir. Müəyyən müddət ərzində bu kimyəvi maddələr qaraciyərdə yığılaraq böyrək çatışmazlığına, qaraciyər problemlərinə gətirib çıxaracaq. Buna görə də istifadəsi tövsiyə olunmur. Gün ərzində 3-5 meyvə şəkildə də yeyə bilərik. Hazırda giləmeyvə mövsümü olduğuna görə, bunu da gündəlik qida rasionumuza 200 qram olaraq əlavə edə bilərik. Hər yemək qəbulunda tərəvəz qəbulu çox faydalıdır. Xüsusilə, lifli qida olması ilə yanaşı eyni zamanda həzm prosesini asanlaşdırır, maddələr mübadiləsini sürətləndirir və bağırsaq mikroflorasının formalaşmasına kömək olur. Adətən yay mövsümündə meyvə-tərəvəzin qəbulunu artırıb paxlalı və zülallı qidaları (heyvan mənşəli qidalar) azaldılır. Lakin bu da zülal azlığına, qeyri-sağlam şəkildə çəki verməyə gətirib çıxara bilər. Buna görə də balanslı qidalanma yay aylarında vacibdir”.

 

Məhsəti Hüseynova qeyd edib ki, yay aylarında su qəbuluna da xüsusi diqqət olunmalıdır. Hər bir şəxs öz çəkisinə uyğun olaraq su qəbul etməli, eləcə də qida seçimi zamanı tərkibində su faizi yüksək olan qidalara üstünlük verməlidir.

 

Fidan Vəlisoy 

Seçilən
34
referans.az

1Mənbələr