AZ

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

Bakı, 31 iyul, AZƏRTAC

Avqustun 3-də 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək.

İmtahan Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə elektron qaydada təşkil ediləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Bakıda 111, Naxçıvanda 3 abituriyentin imtahan verəcəyi nəzərdə tutulur.

İxtisaslar üzrə fənlərin uyğunluğu və keçid balları burada təqdim edilib.

İmtahanda abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim ediləcək. 10 tapşırıq musiqi nümunələrinin təyin edilməsi, 20 tapşırıq isə Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edir. Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır.

Abituriyentlər DİM-in saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Saat 16:00-da başlanacaq imtahan 1 saat davam edəcək. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent buraxılış vərəqəsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (şəxsiyyəti təsdiq edən sənəd olmadıqda abituriyent şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.

Seçilən
66
17
azertag.az

10Mənbələr