Kremlin Paşinyan hökuməti ilə ziddiyyətlərinə baxmayaraq, Rusiya Qarabağdan Ermənistana köçmüş ermənilərə mütəmadi humanitar yardımlar göstərməklə onların üzərində öz təsirini saxlamağa çalışır.
Bu gün- 31 iyulda İrəvanda “Rus Humanitar Missiyası” və “Avrasia” təşkilatlarının iştirakı ilə Qarabağdan Ermənistana köçmüş ermənilərə yardım göndərmək məqsədilə iri miqyaslı humanitar layihə başlanıb.
Hafta.az xəbər verir ki, news.am-ın məlumatına görə, layihə, Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
2020-ci ildən bu yana müntəzəm olaraq əvvəlcə Qarabağdakı ermənilərə, sonra isə Ermənistan köçkünlərə humanitar yardım göndərən “Rus Humanitar Missiyası”nın rəhbəri Arseniy Pronin bu ilki layihənin daha geniş miqyasda həyata keçiriləcəyini açıqlayıb. 140 ton humanitar yardımın göndərilməsi planlaşdırılır. Yardım paketləri ərzaq və şəxsi gigiyena məhsulları ilə təmin ediləcək. Həmçinin xüsusi olaraq kiçik uşaqları olan ailələr üçün əlavə yardımlar da təşkil ediləcək.
Humanitar yardım çoxuşaqlı ailələrə, müharibə nəticəsində yaxınlarını itirənlərə, əlil şəxslərə və tək yaşayan yaşlılara yönəldiləcək. Yardımın ilk mərhələsi avqust ayı ərzində 30 min insanı əhatə edəcək. Yardımların ilk növbədə Masis bölgəsindən başlayacağı bildirilir.
“Avrasia”nın rəhbəri, Dövlət Dumasının deputatı Alyona Arşinova bildirib ki, Qarabağdan köçkün ermənilər ciddi çətinliklərlə üzləşirlər və bu humanitar yardım layihəsi onlara dəstək olmaq məqsədini daşıyır. O, belə layihələrin siyasi razılaşmalardan daha çox insanlıq, dostluq və həmrəylik üzərində qurulmasının vacibliyini vurğulayıb.
Eyni zamanda, Rusiyanın Ermənistandakı nümayəndəliyi, “Rus Evi” və digər təşkilatlar da köçkünlərə həm sosial, həm də təhsil sahəsində müxtəlif proqramlar təqdim edərək, onların həyatını asanlaşdırmağa çalışırlar.