Cəmi 3 il əvvəl böyük təmtəraqla Bakıda 100 smart dayanacağın quraşdırılacağı elan olundu. Həmin xəbərlərdə deyilirdi ki, tamamilə yerli istehsal olan smart avtobus dayanacaqlarının bir çox üstünlükləri var.
Xəbərlərdən sitat:
“Dayanacaq pavilyonunda sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir. Müasir avadanlıqlarla təchiz olunan smart dayanacaqlarda müşahidə kameraları və monitor quraşdırılıb. Dayanacaqların işıqlandırılması və elektrik təminatı qismən günəş paneli hesabına təmin olunacaq. Smart dayanacaqlarda kofe, çay, su və s. zəruri məhsulların satışı təşkil ediləcək”.
Ötən gün “3 milyona yaxın pul ayrılan kondisionerli dayanacaqlar Bakıda hamama çevrilib – FOTOLAR” sərlövhəli xəbərdə Qara Qarayev metrostansiyasının çıxışında yerləşən smart dayanacağın qeyri-işlək olması qeyd olunurdu. Dayanacaqda kondisioner işləmədiyindən vətəndaşların qızmar günəşin altında dayanmalı olduqlarından söhbət açılırdı.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Musavat.com əməkdaşının sorğusunu cavablandırıb. Agentliyin sözçüsü Tural Orucovun sözlərindən bəlli olub ki, Bakıda bu cür dayanacaqların sayının artırılması planlaşdırılmır. Həmçinin, elan olunduğu kimi 100 smart dayanacaq əvəzinə 2022-ci ildən bu günə qədər 30 belə dayanacaq istifadəyə verilib.
Qurum sözçüsü qeyd edib ki, avtobus dayanacaq pavilyonları Dövlət Standartı (AZS 954-2024) və Nazirlər Kabinetinin 73 nömrəli qərarına əsasən quraşdırılır:
“Avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq şəkildə nəzərə alınır. Bu istiqamətdə mütəmadi olaraq təhlillər aparılır. Mövcud səki infrastrukturu və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur. Dayanacaq məntəqəsində səkinin eni minimum 3 metrdən az olmayan və gün ərzində 20 sərnişindən çox minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun quraşdırılmasına yol verilir. Sərnişin axınına uyğun olaraq isə kiçik, orta və böyük ölçülü pavilyonlar seçilir”.
Qurum sözçüsü dayanacaqların monitorinqi ilə bağlı suala cavab olaraq qeyd edib ki, pavilyonların texniki vəziyyətinə AYNA tərəfindən mütəmadi nəzarət olunur. Bakı şəhərinin inzibati ərazisində yerləşən dayanacaqların ümumi vəziyyətinin qiymətləndirilməsi məqsədilə vaxtaşırı yoxlamalar aparılır. Həmçinin, daxil olan müraciətlər əsasında da yoxlamalar təşkil edilir. Monitorinqlər zamanı pavilyonların konstruksiyası və elementlərinin vəziyyəti yoxlanılır, aşkar edilən nasazlıqların aradan qaldırılması üçün tədbirlər görülür.
Xəbərdə sözügedən dayanacaqlar dövlət-özəl tərəfdaşlığı çərçivəsində Bakı şəhərində quraşdırılan 30-dan çox smart tipli avtobus pavilyonudur. Agentlik nümayəndəsi əlavə edib ki, bu cür dayanacaqların sayının artırılması planlaşdırılmır. Əvəzində, vətəndaşlara rahat və təhlükəsiz ictimai nəqliyyat xidməti göstərilməsi məqsədilə yeni pavilyonlar quraşdırılaraq istifadəyə verilir.
Sonda AYNA bildirir ki, smart tipli pavilyonlara nəzarət məqsədilə dövri texniki baxışlar həyata keçirilir. Eyni zamanda, vətəndaş müraciətləri əsasında operativ araşdırmalar aparılır və aşkar edilən nöqsanlar aradan qaldırılır. Agentlik vurğulayır ki, bu tədbirlərlə sərnişinlərin təhlükəsiz və komfortlu ictimai nəqliyyat şəraitində hərəkətini təmin etməyə çalışır.