AZ

Milli ideologiya nədir və təhdidlər nədən ibarətdir?

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində milli ideologiya və ona qarşı təhdidlərin müxtəlif aspektləri ilə bağlı maarifləndirici xarakterli yazıların dərcinə start verib. İlk yazımızda “Milli ideologiya nədir” sualına cavab tapmağa çalışacağıq.

Öncə qeyd edək ki, milli ideologiya ilə bağlı fikirlər, yanaşmalar birmənalı deyil. Qlobalistlər, radikal liberialistlər bu anlayışı yaxına buraxmır, bunu insanların, xalqların dünyaya inteqrasiyasına maneə olan, buxovlayıcı və hakimiyyətlərin maraqlarına xidmət edən siyasi alət hesab edirlər. Bəzi sosioloqlar hesab edirlər ki, kommunist ideologiyası süquta uğradıqda sonra dünyada dominantlıq əldə edən demokratiya onun yolunu tutan hər bir dövlətin milli ideologiyasının əsasını təşkil etməlidir. Demokratiya yolunu tutan ölkələrin ayrı-ayrılıqda milli ideologiya yaratmaları düzgün deyil. "Demokratiya populizmi"nə yoluxanlar, "modernistlər" "milli ideologiya" sözünü qəbul etmirlər. "Hər cür ideologiya buxovundan azad olmaq lazımdır", "ideologiya cəmiyyətin mütərəqqi inkişafına mane olur" düşüncəsində olanlar bəzi həqiqətləri görməzlikdən gəlirlər. Yaxın keçmişimizdə, elə bu günün özündə də baş verən qlobal proseslər, “bəşəri ideyalar” adı altında xalqlara sırınan yad düşüncələr, zərərli həyat tərzləri bu cür yanaşmaların qüsurlu olduğunu ortaya qoyur.

Hər bir dövlətin, millətin hər hansı ideologiya ətrafında sıx birləşməsi onu daha güclü, xarici təsir və təzyiqlər qarşısında daha dayanaqlı edir. Xüsusilə də, dünya iqtisadiyyatının transmilliləşdiyi və sivilizasiyalararası ziddiyyətlərin gücləndiyi bir dönəmdə milli ideologiyanın mövcudluğu son dərəcə əhəmiyyətlidir. Müasir dövrdə dayanıqlı ideoloji silahlarla təchiz olunmuş xalqlar çətinliklərin və problemlərin öhdəsindən inamla gəlir, milli məsələlərdə birlik nümayiş etdirir, qloballaşmanın neqativ təsirlərini dəf etmək imkanında olurlar.
Azərbaycanın milli ideologiyası Konstitusiyamızın preambulasında öz əksini tapıb.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktında əks olunan prinsiplər milli ideologiyamızın əsas sütunları hesab olunur. Ana Yasamız hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki, və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüquqdan istifadə edərək təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət yaratmaq;

Ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Göründüyü kimi, milli ideologiya mücərrəd anlayış deyil, konkret prinsiplərə əsaslanır.

Azərbaycanın milli ideologiyasının tarixən formalaşmasında böyük xidmətləri olmuş M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, Ü.Hacıbəyov, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə kimi görkəmli şəxsiyyətlərin məqsədləri xalqı mütərəqqi ideyalar ətrafında birləşdirmək olub.

Dünya şöhrətli filosof Yusif əl-Kərdavi yazırdı ki, müstəmləkəçiliyin növlərindən ən təhlükəlisi ideya müstəmləkəçiliyidir. O, torpaqları deyil, zehinləri zəbt edir, zəka isə toplardan deyil, qələmdən istifadə edir. Təlatümlü dünyada öz layiqli yerini tutmağa çalışan, gələcəyini təmin etməyə can atan ölkəmizin milli maraqları milli ideologiyamızın formalaşmasında önəmli rol oynayır. Etiraf edək ki, bəzən hər hansı siyasi qüvvənin və yaxud sosial qrupun maraqları da süni şəkildə milli ideologiya səviyyəsində qaldırılır və bu bir sıra hallarda xalqların maraqları ilə üst-üstə düşmür. Bura Hitler Almaniyasının dövründə faşizm, SSRİ dövründə markisizm-leninizm ideologiyalarının hakim düşüncəyə çevrilməsini misal gətirmək olar. O ideologiyalar ki, siyasi qrupların maraqlarına xidmət etdi və dünyaya saysız-hesabsız faciələr yaşatdı. Eləcə də hazırda Şimali Koreyada hakim ideologiya hesab olunan "çuçxe"də dünya ölkələri tərəfindən müsbət qarşılanmır. Türk dünyası, o cümlədən Azərbaycan Ermənistanda zaman-zaman hakim düşüncə tərzinə çevrilmiş daşnakstyun ideologiyasının zərərli, təhlükəli nəticələri ilə üzləşib. 2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edən Vətən müharibəsi, o cümlədən 2023-cü il 19 sentyabrda cəmin 24 saat davam edən hərbi əməliyyatlar nəticəsində biz təkcə ərazi bütövlüyümüzü təmin etmədik, həmçinin faşizmlə bərabər tutulan “Böyük Ermənistan” ideologiyasının tabutuna son mıxı vurduq, separatizmin kökünü kəsdir.

Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində qeyd edib ki, yeni dövrdə milli ideya ilə bağlı siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar müzakirələr aparmalıdır: "Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır".

Təbii ki, bizim milli ideologiyamızın təməlində azərbaycançılıq dayanır. Azərbaycançılıq ideologiyası bir-birinə zidd, yad siyasi nəzəriyyə və ideologiyaların ölkəmizdə meydan sulamasının qarşısını alan vacib amildir. Dövlətçiliyin formalaşması prosesində vacib rol oynayan azərbaycançılıq ideologiyası cəmiyyəti mənən dirçəltməyə, onun yaradıcılıq potensialını gücləndirməyə, ictimai şüuru uğurlu dövlət quruculuğunun başlıca amilinə çevirməyə xidmət edir. Milli ideologiyamız bəllidir. İdeyalarımız isə zamanın tələbinə uyğun dəyişə bilər. Qalib xalqın, dövlətin yeni ideyaları, yeni hədəfləri olmalıdır.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Seçilən
46
ucnoqta.az

1Mənbələr