BAKI, 31 iyul. TELEQRAF 0
2025-ci ilin iyununda Türkiyənin ixracı əvvəlki ilin eyni ayına nisbətən 7,9 faiz artaraq 20 milyard 515 milyon dollar, idxal isə 15,2 faiz artaraq 28 milyard 688 milyon dollar olub.
Teleqraf Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyinin birgə hazırladığı müvəqqəti ticarət məlumatlarına əsasən xəbər verir ki, bu ilin ilk 6 ayında ixrac 4,1 faiz, idxal isə 7,2 faiz artaraq müvafiq olaraq 131 milyard 408 milyon dollar və 180 milyard 845 milyon dollar təşkil edib.
Enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla, ixrac 2025-ci ilin iyun ayında 8,1 faiz artaraq 17 milyard 532 milyon dollardan 18 milyard 955 milyon dollara yüksəlib.
İyunda enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla idxal 16,9 faiz artaraq 19 milyard 285 milyon dollardan 22 milyard 544 milyon dollara yüksəlib.
Xarici ticarət dövriyyəsi 12,7 faiz artaraq 41 milyard 499 milyon dollara çatıb. Həmin ayda enerji və qızıl istisna olmaqla ixracın idxalı ödəmə nisbəti 84,1 faiz təşkil edib. İxracın idxalı ödəmə nisbəti 2024-cü ilin iyunda 76,4 faiz olduğu halda, 2025-ci ilin iyununda bu nisbət 71,5 faizə düşüb.
İyunda xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına görə 38,8 faiz artaraq 5 milyard 889 milyon dollardan 8 milyard 173 milyon dollara yüksəlib.
2024-cü ilin yanvar-iyun aylarında 42 milyard 504 milyon dollar olan xarici ticarət kəsiri, 2025-ci ilin eyni dövründə 16,3 faiz artaraq 49 milyard 437 milyon dollara çatıb.
İyunda ixracda ilk sıranı Almaniya, idxalda isə Çin tutub.