AZ

Bu universitetdə də təhsil haqqı artırıldı

Bakı Avrasiya Universitetində 2025/2026-cı tədris ili üzrə həm bakalavriat, həm də magistratura səviyyələrində bir sıra ixtisasların təhsil haqlarında dəyişiklik ediləcək. Bu barədə BAAU-nun mətbuat katibi Ülkər Abdurahmanlı Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib. O, bakalavr və magistr pilləsində təhsil haqqı artırılan ixtisasları açıqlayıb: “Bakalavriat səviyyəsində Filologiya (türk dili və ədəbiyyatı üzrə) ixtisasının illik təhsil haqqı 2000 AZN-dən 2200 AZN-ə artırılıb. Dövlət və bələdiyyə idarəetməsi, Maliyyə və Marketinq ixtisaslarında da təhsil haqları 2000 AZN-dən 2200 AZN-ə yüksəldilib. Sosial iş ixtisası üzrə təhsil haqqı 300 AZN artaraq 2500 AZN olub. Magistratura səviyyəsində Filologiya ixtisasının təhsil haqqı 1300 AZN-dən 1600 AZN-ə qaldırılıb. İqtisadi-riyazi modelləşdirmə və İqtisadiyyatın tənzimlənməsi ixtisaslarında da artım nəzərdə tutulur. Qiyabi formada təhsil alan magistr tələbələrin illik təhsil haqqı 400 AZN artırılacaq”. Ü.Abdurahmanlı qeyd edib ki, qəbul müsabiqəsinin ilk mərhələsində Bakı Avrasiya Universitetini seçən və yüksək nəticə göstərən abituriyentlər üçün təhsil haqqı güzəştləri tətbiq ediləcək: “400–499 bal toplayan abituriyentlərə I kurs üzrə illik təhsil haqqına 30% güzəşt ediləcək. 500 və daha yüksək bal toplayan abituriyentlər isə I kurs üzrə illik təhsil haqqından tam azad olunacaqlar. BAAU olaraq məqsədimiz, istedadlı və motivasiyalı gənclərin təhsil imkanlarını genişləndirmək və onların inkişafına dəstək olmaqdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
18
1
metbuat.az

2Mənbələr