"Gədəbəy şəhərində kommunal sahədə ciddi nöqsanlar var. Zibil və tullantılar vaxtında yığışdırılmır, şəhərdə antisanitariya baş alıb gedir".
Bakupost.az xəbər verir ki, bu barədə Gədəbəy rayonu, Aytala kənd sakini Lalə Sultanova sosial şəbəkədə paylaşdığı videoda bildirib.
O, sözügedən problemlərin Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəhbəri Fuad Bayramovun fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Belə ki, L.Sultanovanın sözlərinə görə, şəhərin müxtəlif ərazilərində günlərlə yığılmış zibillər ekskavator vasitəsilə üzəri açıq yük maşınlarına yüklənərkən ətrafa səpələnir. Nəticədə ətrafa üfunət yayılır, sanitar-gigiyenik qaydalar kobud şəkildə pozulur:
“Bu gün sizə Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəhbəri Fuad Bayramovun qanunsuz əməlləri barədə danışacağam. Gördüyünüz kimi, günlərlə yığılmış, xoşagəlməz qoxuya sahib zibillər təmizlənərkən ekskavatorun çömçəsi ilə üzəri açıq maşınlara yüklənir. Nəticədə zibillər ətrafa səpələnərək üfunət yayır. Fuad Bayramov lazımi baxım və təmir işləri həyata keçirməməklə Kommunal Müəssisələri Kombinatına məxsus olan xüsusi təyinatlı özüboşaldan texnikaları istismar müddəti başa çatmadan qəsdən sıradan çıxarıb. O, tabeliyində çalışan işçiləri məcburi əməyə cəlb etməklə əməyin mühafizəsi qaydalarını pozmağa davam edir”.
Şikayətçi bildirir ki,işçilər təhlükəli şəraitdə - xüsusi geyim, qoruyucu maska və eynək kimi vasitələr olmadan tullantıların daşınmasına cəlb olunurlar:
"Bu azmış kimi, texnikalara tələb olunan xüsusi qulluq və baxım vaxtlı-vaxtında həyata keçirilmədiyi və texnika çatışmazlığı yaşandığı üçün şəhərin mərkəzi hissəsində zibillər günlərlə qalır, ətrafa üfunət yayılır. Digər diqqətçəkən məqam isə ondan ibarətdir ki, məişət tullantılarının yığılması prosesi şəhərdə nəqliyyatın ən intensiv olduğu saatlarda aparılır. Bu isə antisanitar şərait və xoşagəlməz qoxu səbəbindən həm sakinlərin, həm də şəhərə gələn qonaqların narazılığına və mənfi rəy formalaşmasına səbəb olur. Gördüyünüz kimi, traktor səkinin üzərindən hərəkət edərək zibilləri daşıyır. Bu zaman səkinin dağıldığı da açıq şəkildə görünür. Fəhlələrin yolun ortası ilə hərəkət etdiyi də videoda aydın müşahidə olunur".
L.Sultanova əlavə edib ki, Gədəbəy Kommunal Müəssisələri Kombinatının texnikalarının heç biri texniki baxışdan keçirilmir. Üstəlik bu texnikalar nömrəsiz, qeydiyyat nişanı olmadan idarə olunur:
“Videodan da göründüyünüz kimi, yolla hərəkət edən avtomobillər təhlükə altındadır, zibil daşınması prosesi digər avtomobilləri də təhlükə altına atır. Artıq Gədəbəy şəhərində bu vəziyyət təxminən 3 ildir davam edir və bununla bağlı hər hansı tədbir görülmür. Özüboşaldan texnikalar nasaz vəziyyətə salındığı üçün zibil qabları ilə çox pis rəftar edilir. Onlar aşırılaraq, zibillər əl vasitəsilə, antisanitar şəraitdə daşınır”.