Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının və Dövlət Şurasının sədri Xuan Esteban Lazo Hernandes beynəlxalq hüququn həyata keçirilməsinə və Qəzzada soyqırıma son qoyulmasına çağırıb. Metbuat.az xəbər verir ki, o, bu fikirləri İsveçrənin Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin VI Dünya Konfransı çərçivəsində İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla görüş zamanı səsləndirib. Görüşdə Qalibaf Kuba rəhbərliyinin İsrail və ABŞ-ın İran ərazisinə qarşı təcavüzünə qarşı sərgilədiyi açıq mövqeyə görə təşəkkür edib və iki ölkə arasında əməkdaşlıq potensialının yüksək olduğunu vurğulayıb. Lazo Ernandes bildirib ki, Yaxın Şərq və Şimali Afrika regionundakı gərginliklər ABŞ-ın bölgədə öz maraqlarını zor gücü ilə təmin etməyə çalışdığını göstərir. O, Kuba tərəfinin beynəlxalq hüququn qorunması və Qəzzadakı insan faciəsinin dayandırılması üçün bütün səyləri göstərəcəyini bəyan edib. Qeyd edək ki, Parlament Sədrlərinin VI Dünya Konfransı 29–31 iyul tarixlərində Cenevrədə keçirilib.