Bununla bağlı pediatr, həkim-allerqoloq Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib. O bildirib ki, hazırda yay mövsümündə uşaqlarda gün vurma hallarının artması müşahidə olunur:
“Bu hallar əsasən valideynlərin bəzi vacib məqamlara diqqət yetirməməsi ilə bağlıdır. Ən böyük səhv uşaqların günəşin ən zərərli olduğu saatlarda səhər saat 11-dən günorta 4-ə qədər çimərliklərə və ya baseynlərə aparılmasıdır. Bu saatlarda günəşin ultrabənövşəyi şüaları daha güclü olur və bu da uşaqlar üçün ciddi təhlükə yaradır. Xüsusilə 28–29°C-dən yuxarı temperaturda bu risk daha da artır. Bir həkim kimi valideynlərə tövsiyəm odur ki, uşaqları səhər saat 10-a qədər və ya günortadan sonra saat 4-dən sonra dənizə və ya baseynə aparsınlar. Uşağın dərisini qorumaq üçün ən azı SPF 50 olan günəş qoruyucu kremlərdən mütləq istifadə olunsun. Uşaqlara günəş şüalarının birbaşa təsirindən qorunmaq üçün papaq, açıq rəngli geyim və gün eynəyi geyindirmək də məsləhətdir. Bu sadə, amma vacib tədbirlərlə gün vurmanın qarşısını almaq mümkündür”.
Leyla Turan
Demokrat.az