Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən Nikaha Qarşı Sosial Platforma” layihəsi çərçivəsində 21 iyul 2025-ci il tarixində Masallı rayonunda maarifləndirici təlimin ilk günü keçirilib.
QHT.az xəbər verir ki, tədbirin açılışında layihənin rəhbəri Könül Qasımova iştirakçıları salamlayaraq tədbirin məqsəd və əhəmiyyətindən bəhs edib. O, erkən nikah probleminin cəmiyyət üçün yaratdığı fəsadlar, xüsusilə də qızların təhsil hüququnun pozulması, onların fiziki və psixoloji inkişafının tam başa çatmaması, erkən yaşda ana olmaları və cəmiyyətə tam inteqrasiya edə bilməmələri kimi nəticələrə səbəb olduğunu qeyd edib.
Təlimçi Şəlalə Ağayeva təqdim olunduqdan sonra layihənin məqsəd və vəzifələri barədə geniş təqdimatla çıxış edib. O, erkən nikahın hüquqi aspektlərinə toxunaraq, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş nikah yaşı və bu yaşdan aşağı nikahların yaratdığı hüquqi və sosial risklər barədə məlumat verib. Təlim diskussiya formatında davam etdirilib. İştirakçılar erkən nikahla bağlı fikirlərini bölüşüb, bu sahədə rastlaşdıqları çətinliklər və mövcud stereotiplər haqqında danışıb, suallarını səsləndiriblər.
Layihə rəhbəri Könül Qasımova özünün ictimai fəaliyyətində rastlaşdığı real həyat hekayələrindən nümunələr gətirərək mövzuya daha da aydınlıq gətirib. Təlimin sonunda iştirakçılarla xatirə fotoları və video çəkilişlər aparılıb.
Qeyd edək ki, “Erkən Nikaha Qarşı Sosial Platforma” layihəsi erkən nikah hallarının qarşısının alınması, cəmiyyətin bu sahədə maarifləndirilməsi və ictimai həssaslığın artırılması məqsədi daşıyır.