Tural İrfan: “Ümid edirəm ki, Azərbaycan İlahiyyat İnstitutu da Bakı İslam Universitetinin aqibəti ilə qarşılaşmaz”
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri (əsas yerləşdirmədən sonra) təqdim edib.
Belə ki, müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universitetində plan yerləri 100 faiz dolub. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyasında plan yerləri 90 faiz və daha çox dolub.
Maraqlı məqam ondan ibarətdir ki, plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Azərbaycan İlahiyyat İnstitutuna aiddir. Görəsən, Azərbaycan İlahiyyat İnstitutunda niyə təhsil almağa gedən yoxdur?
“Əhali arasında din xadimləri maarifləndirmə aparmalıdır ki, meyli olanlar xaricdə dini təhsilə yox, ölkədə təhsil almağa yönəlsinlər”
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan İlahiyyat İnstitutu çox yüksək səviyyədə tədris sisteminə malik təhsil ocağıdır: “Mən deyərdim ki, Azərbaycanda nümunəvi institutdur. Dinlə, mənəviyyatla əlaqədar təhsil müəssisəsi olduğu üçün rəhbərlik və müəllim heyəti peşəkar ilahiyyatçı alimlərdən təşkil olunub. Bir çox xüsusiyyətlərinə görə də hətta dünyadakı digər ilahiyyat universitetlərindən yüksəkdə dayanır. Məzhəbçilik üzərindən deyil, ümumi, obyektiv baxışdan, məzhəbüstü bir təhsil verir. Dini elmlərlə yanaşı dünyəvi elmlərə də böyük yer ayrılır.
Bu institutun açılmasından çox da uzun zaman keçməyib. Tədricən müraciət edənlər artacaq, hətta yer məhdudiyyətinin olduğu vaxtları görəcəyik. Ölkədə bir qədər xarici təsirlərin artması, əcnəbi dini təsirlər, başqa ölkələrdə dini təhsil almış şəxslərin həmin ölkələrin din modelini ölkədə təbliğ etməsi özümüzdənqaçma meylləri yaradıb. Etiraf etmək lazımdır ki, zamanla boşluqlar buraxılıb. Bakı İslam Universitetinin 3500-dən artıq məzununun diplomunu Təhsil Nazirliyi tanımadı. Beləcə, ölkədə ali təhsilə olan inamı yerlə-yeksan etdilər. Ona görə də bu gün İlahiyyat İnstitutuna gedənlər azdır. Çoxu şübhə ilə yanaşır ki, bəlkə də bir zaman Bakı İslam Universitetinin diplomları kimi bunu da Təhsil Nazirliyi tanımaqdan imtina edəcək. Əvvəlcə bu diplomları tanımalıdırlar. Yüzlərlə milli təfəkkürdə, dövlətini sevən, xaricə bağlı olmayan sağlam ilahiyyatçının təhsil taleyini məhv etdilər. Həmin məzunlar Akademiyalarda elmi rütbələr almaqdan, elmi araşdırma aparmaqdan, din alimi adı almaqdan məhrum edildi. Yalnız seçilmiş, barmaqla sayılacaq şəxslərə şərait yaradıldı. Beləcə öz milli ilahiyyatçılarımız məhrum edilərək yalnız məsciddə işləməyə məhkum edilməklə elmi fəaliyyətdən uzaqlaşdırıldı. Onların yerini əsasən İranda təhsil almış şəxslər tutdu. Nəticədə bu vəziyyətdən çıxış yollarını qapadılar. Ümid edirəm ki, Azərbaycan İlahiyyat İnstitutu da Bakı İslam Universitetinin aqibəti ilə qarşılaşmaz.
Əhali arasında din xadimləri maarifləndirmə aparmalıdır ki, meyli olanlar xaricdə yox, ölkədə dini təhsil almağa yönəlsinlər. İnanıram ki, yaxın illərdə bu göstərici yüksək həddə çatacaq”.
Günel CƏLİLOVA