"Meta" şirkətinin təsisçisi və baş direktoru Mark Zukerberq süni intellekt texnologiyalarının inkişafı nəticəsində hər bir insana “şəxsi super zəka” təqdim etməyi vəd edib.
Modern.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Zukerberq bildirib ki, "Meta"nın məqsədi süni intellekt texnologiyalarını elə səviyyəyə çatdırmaqdır. Bu texnologiyalar insan intellektini bütün parametrlər üzrə üstələyəcək.
Onun fikrincə, “şəxsi super zəka” insanlara gündəlik məhsuldarlığa daha az, yaradıcılığa və sosial əlaqələrə isə daha çox vaxt ayırmaq imkanı verəcək. Yəni bu texnologiya hər kəsin şəxsi intellektual köməkçisi kimi fəaliyyət göstərəcək.
Bunun üçün "Meta" milyardlarla dollar sərmayə yatırır və artıq insan kimi düşünə bilən süni intellekt modelləri üzərində çalışan 50 nəfərlik ixtisaslaşmış komandalar formalaşdırır. Şirkət, həmçinin bu sahədə fəaliyyət göstərən “Scale AI” startapına 14,3 milyard dollar sərmayə qoyub.
"Meta"nın 2025-ci ilin ikinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 22% artaraq 47,5 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti isə 36% artaraq 18,3 milyard dollar təşkil edib. Hər bir səhmdən gəlir 38% artaraq 7,14 dollar olub.
Əsas gəlir mənbəyi olan reklam gəlirləri 46,5 milyard dollar səviyyəsində qeydə alınıb və bu da analitiklərin gözləntilərini üstələyib. Zukerberq qeyd edib ki, bu uğura da məhz süni intellekt texnologiyaları sayəsində nail olunub.
Zukerberq, həmçinin bildirib ki, süni intellekt texnologiyaları istifadəçilərin platformalarda keçirdiyi vaxtı artırıb: "Facebook"da bu göstərici 5%, "Instagram"da isə 6% artıb. Ümumilikdə "Meta"nın bütün platformalarında gündəlik aktiv istifadəçi sayı 3,48 milyarda çatıb ki, bu da ötən illə müqayisədə 6% artım deməkdir.