AZ

“Türkiyə və Azərbaycan daim bir-birlərinin maraqlarına sadiqlik sərgiləyib”

Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ölkəsinin Ermənistanla sərhədləri hansı halda açacağına aydınlıq gətirib. Qardaş dövlətin səfiri bildirib  ki, bu, Zəngəzur dəhlizi ilə bağlı şərtlərin təmin olunacağı, eyni zamanda, Bakı ilə Ankara arasında müvafiq məsləhətləşmədən sonra mümkün ola bilər. Səfir deyib:

“İki normallaşma prosesi bir-birinə paralel aparılır. Türkiyə-Ermənistan normallaşma prosesi ilə əlaqədar 2022-ci ildə xüsusi nümayəndələr təyin edilib. Məlumdur ki, Azərbaycan torpaqlanın işğalı ilə əlaqədar 1993-cü ildən Türkiyənin Ermənistanla sərhədi bağlıdır. Ermənistan dənizə çıxışı olmayan ölkədir, bu vəziyyətdən ən çox əziyyət çəkən erməni xalqıdır. Ermənistan şərqdən və qərbdən Azərbaycan və Türkiyə ilə həmsərhəddir və bu sərhədlər bağlıdır. Hamı bu sülhdən qazanacaq, amma daha çox Ermənistan fayda götürəcək. Biz normallaşma prosesinin sürətlənməsini istəyirik. Davamlı sülh anlaşması imzalanarsa və yaxud paraflanarsa, Zəngəzur Dəhlizi ilə bağlı şərtlər təmin olunarsa, uyğun vaxtda Ankara və Bakının məsləhətləşmələri nəticəsində Türkiyə-Ermənistan sərhədi də açıla bilər. Bu normallaşma prosesinin necə inkişaf etməsindən asılı olacaq”.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, Türkiyənin hər zaman Azərbaycanın maraqlarına böyük hörmət və ehtiramla yanaşdığını bildirib:

“Öncə onu qeyd edim ki, bu yanaşma Türkiyənin Azərbaycana sadiqliyinin göstəricisidir. Ümumiyyətlə, Türkiyə hər zaman Azərbaycanın maraqlarına həssaslıqla yanaşıb, bütün beynəlxalq platformalarda ölkəmizin haqq işini dəstəkləyib. 44 günlük Vətən müharibəsində də Türkiyə Azərbaycana mənəvi-diplomatik dəstək verib, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Bu baxımdan hörmətli səfir Birol Akgünün məlum açıqlaması bir daha onu göstərir ki, Türkiyə bu gün də Azəırbaycanla münasibətlərə dostluq, qardaşlıq fonunda yanaşır və Ermənistanla sərhədləri yalnız Bakı ilə danışıqlar apardıqdan, dövlətimizin razılığını aldıqdan sonra açmağı nəzərdə tutur.

Bunu da qeyd edək ki, Azərbaycan da hər zaman qardaş Türkiyənin maraqlarına hörmət edib, onu beynəlxalq müstəvidə dəstəkləyib. Bu gün də Azərbaycanla Türkiyə arasında əməkdaşlıq sürətlə genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan türk şirkətlərinin işğaldan azad edilən torpaqlarda fəaliyyəti üçün hər cür şərait yaradıb ki, bu da dövlətimizin qardaş Türkiyəyə olan sevgi və ehtiramının təzahürüdür.

Əminəm ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibəti yaxın gələcəkdə mahiyyətcə yeni mərhələyə qədəm qoyacaq və hər iki xalqın rifahının daha da yaxşılaşması, türk dünyasının maraqlarının daha effektiv müdafiəsinə öz töhfəsini verəcək”.

Seymur ƏLİYEV

Seçilən
6
moderator.az

1Mənbələr