AZ

Dilini qoruyan xalq, öz gələcəyini qoruyur

Hər bir xalqın varlığı onun dili ilə ölçülür. Dil yalnız bir ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixini, mədəniyyətini, dünyagörüşünü, düşüncə tərzini və milli kimliyini özündə yaşadan ən əsas dəyərlərdən biridir. Azərbaycan xalqı da bu mənada zəngin və köklü bir dilə, Azərbaycan dilinə sahibdir. Hər il 1 Avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu tarix, ana dilimizin dövlət səviyyəsində təbliği, qorunması və inkişafı istiqamətində mühüm əhəmiyyətə malikdir.

2001-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə bu gün rəsmi olaraq Azərbaycan əlifbası və Azərbaycan dili günü elan olundu. Bu qərarın verilməsində əsas məqsəd, müstəqil Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması, dil siyasətinin daha da möhkəmləndirilməsi və latın qrafikalı Azərbaycan əlifbasının cəmiyyətə tam inteqrasiyası idi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə göstərdiyi xüsusi qayğı və diqqəti ilə yadda qalmış, onu milli ideologiyanın əsas dayaqlarından biri kimi ön plana çıxarmışdır. 2001-ci ildə keçirilmiş “Azərbaycan dili ili” və həmin ilin 1 avqustunda qüvvəyə minmiş latın qrafikalı yeni əlifbaya keçid bu sahədə atılmış mühüm addımlardan biri idi.

Azərbaycan dili XX əsrin əvvəllərində bir çox çətinliklərlə üzləşmiş, bir neçə dəfə əlifba dəyişiklikləri baş vermişdir: əvvəl ərəb, sonra latın, daha sonra isə kiril qrafikasına keçid edilmişdir. Lakin 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövləti üçün dil məsələsi milli kimliyin simvolu kimi prioritet məsələ oldu. 1992-ci ildə Azərbaycan əlifbası yenidən latın qrafikasına qaytarıldı. Bu, həm müasir dünyaya inteqrasiya, həm də milli-mənəvi dəyərlərə bağlılıq baxımından mühüm hadisə idi.

1 Avqust sadəcə bir bayram deyil, həm də məsuliyyət və and günüdür. Bu gün biz hər bir vətəndaş kimi Azərbaycan dilinə sahib çıxmalı, onu sevməli, düzgün və təmiz danışmalı, uşaqlarımıza da bu sevgini aşılamalıyıq. Dilimizi yaşatmaq xalqımızı yaşatmaq deməkdir.

Əlifba isə bu dilin yazılı yaddaşı, onun sözə çevrilmiş ruhudur. Bu baxımdan yeni nəsil üçün latın qrafikalı əlifbanın öyrənilməsi və tətbiqi milli şüurun formalaşmasında mühüm rol oynayır.

Azərbaycan əlifbası və Azərbaycan dili günü millət olaraq kimliyimizi, mənsubiyyətimizi, tariximizi və gələcəyimizi dərk etdiyimiz bir gündür. Bu gün bizə xatırladır ki, dil bir millətin ürəyidir. Və bu ürək yalnız o zaman döyünər ki, biz onu sevir, qoruyur və inkişaf etdiririk.

Elşən Səfərov,

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Seçilən
56
yeniazerbaycan.com

1Mənbələr