AZ

Rusiyadakı dəhşətli zəlzələ böyük dağıntılara səbəb olmayıb - SƏBƏB

İyulun 30-da Rusiyanın şərqində yerləşən Kamçatka yarımadası yaxınlığında 8,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ tarixdə qeydə alınmış ən güclü yeraltı təkanlardan biri olsa da, gözlənildiyi qədər dağıdıcı sunami ilə nəticələnməyib.

Milyonlarla insanın təxliyə edildiyi bu hadisə 2004-cü ildə Hind okeanında və 2011-ci ildə Yaponiyada baş vermiş fəlakətləri xatırlatsa da, nəticələri nisbətən daha yüngül olub.

Zəlzələnin episentri təxminən 20,7 kilometr dərinlikdə yerləşib. Bu vəziyyət dəniz dibində yer dəyişməni artıraraq sunami təhlükəsini gücləndirsə də, sahil boyu müşahidə olunan dalğaların hündürlüyü maksimum 4 metrə çatıb. Hind okeanında və Yaponiyada müşahidə olunmuş onlarla metrlik dalğalarla müqayisədə xeyli aşağıdır.

Modern.az xəbər verir ki, mütəxəssislərin fikrincə, sunaminin gücü təkcə zəlzələnin böyüklüyündən deyil, sahil relyefi və dəniz dibinin quruluşundan da asılıdır. Kamçatka sahillərindəki dəniz dibinin forması dalğaların yüksəlməsinin qarşısını alıb.

Digər mühüm amil isə erkən xəbərdarlıq sistemlərinin işlək vəziyyətdə olmasıdır. Sakit okean hövzəsində tez-tez baş verən zəlzələlər səbəbilə bu bölgədə sunami müşahidə və xəbərdarlıq mərkəzləri qurulub. Bu sistemlər sayəsində əhaliyə vaxtında təxliyə xəbərdarlıqları göndərilib. Məsələn, 2004-cü ildə Hind okeanında belə sistemlər olmadığından 14 ölkədə 230 mindən çox insan həyatını itirmişdi.

Zəlzələnin səbəbi isə Yer qabığının müxtəlif tektonik lövhələrə ayrılmış olmasıdır. Kamçatka yarımadası “Sakit okean yanar qurşağı” adlanan seysmik fəal zonaya daxildir. Burada Sakit okean lövhəsi hər il təqribən 8 sm sürətlə mikro Okhotsk lövhəsinin altına doğru hərəkət edir. Bu hərəkət zamanı lövhələr bir-birinə ilişib enerji yığır və bu enerji min illərlə toplanaraq bir anda “böyük yerdəyişməli zəlzələ” kimi boşalır.

Hazırda bölgədə afterşoklar davam edir və alimlər qarşıdakı həftələrdə də vəziyyəti diqqətlə izləyəcəklər. ABŞ Geologiya Xidməti on gün əvvəl də eyni bölgədə 7,4 bal gücündə bir zəlzələ qeydə alıb ki, bu da ehtimal olunan əsas zəlzələnin öncədən xəbərçisi ola bilər.

Seçilən
28
modern.az

1Mənbələr