AZ

"Medvedevdən Trampa "ölülərlə" cavab: Siyasi ironiyalar və təhlükəli ritorika" - Rusiya mətbuatı

"Yeni rüsum qərarı siyasi satiranı alovlandırdı..."

ABŞ prezidenti Donald Trampın Hindistana qarşı 25 faiz gömrük rüsumları tətbiq etmək qərarı Rusiya rəsmisi Dmitri Medvedevin hədəfinə çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə "business-gazeta.ru" nəşri yazıb.

Məlum olduğu kimi, bu qərar Hindistanın Rusiyadan ucuz neft almasına cavab olaraq verilib. Trampın həm Hindistan, həm də Rusiya barədə sərt fikirləri, üstəlik Medvedevə qarşı yönəltdiyi şəxsi ittihamlar Kreml rəsmisinin tikanlı və istehzalı cavabı ilə nəticələnib.

"Mənə fərq etməz"dən "ölü iqtisadiyyatlara" qədər

Tramp son çıxışında bildirib: "Hindistanın Rusiya ilə nə etdiyinin mənə fərqi yoxdur. Onlar birlikdə öz ölü iqtisadiyyatlarını batıra bilərlər. Bizim onlarla əhəmiyyətli biznesimiz olmayıb və bu belə də qalmalıdır. Rusiya ilə də eynilə iqtisadi əlaqəmiz demək olar ki, yoxdur və bu da yaxşıdır". Daha sonra isə Medvedevə ismarıc göndərərək, onun "öz sözlərinə diqqət etməli" olduğunu və "çox təhlükəli əraziyə girdiyini" deyib.

"Zombiləri xatırla, Doni!"

Medvedev isə cavabı özünəməxsus sarkazmla verib: "Əgər keçmiş bir prezidentin sözləri ABŞ prezidentini bu qədər gərginləşdirirsə, deməli, Rusiya haqlıdır və öz yolu ilə irəliləməyə davam edəcək. Tramp isə "ölü iqtisadiyyatlar" və "təhlükəli ərazi" haqqında danışarkən qoy sevdiyi zombilər haqqında filmləri xatırlasın. Həmçinin, təbiətdə mövcud olmayan, lakin təhlükəsi real olan "ölü əl" sistemini də unutmasın". Burada Medvedev həm Trampın ritorikasını lağa qoyur, həm də dovet dövründən qalma "ölü əl" kimi tanınan strateji cavab sisteminə incə eyham vurur.

Siyasi ritorikada təhlükəli tonlar

Tramp bu yaxınlarda Rusiya ilə Ukrayna məsələsində razılığa gəlmək üçün on günlük müddət təklif edib, əks halda Rusiyadan idxal edilən mallara 100 faiz rüsum tətbiq olunacağını bildirib. Medvedev isə bu ultimatumu açıq şəkildə müharibə təhdidi kimi dəyərləndirib: "Tramp ultimatum oyunu oynayır - 50 gün, 10 gün... Amma unutmasın: Rusiya nə İsraildir, nə də İran. Hər yeni ultimatum açıq təhdid və müharibəyə doğru addımdır".

Sözlər silaha çevrilir

Beynəlxalq münasibətlərin, xüsusilə də Medvedev və Tramp kimi keçmiş və indiki liderlər arasında bu cür şəxsi və kəskin ritorikaya çevrilməsi qlobal gərginliyi daha da artırır. ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı Rusiya rəsmisinin bu cür kinayəli və sərhədləri aşan cavabları göstərir ki, tərəflər sadəcə siyasətlə yox, artıq emosiyalarla da oynayırlar. "Zombilər: və "ölü əllər" müasir geosiyasətin metaforası kimi görünə bilər, amma bu ritorikanın real nəticələri ola bilər.

Seçilən
1
moderator.az

1Mənbələr