AZ

Xəstəxana qarşısında növbələr: Bu problemi necə həll etmək olar? - Ekspert

Bu gün insanları, xüsusilə də xəstələri narahat edən problemlərdən biri də tibb müəssisələrinin qarşısında uzanan növbələrdir. Səhər tezdən həkimə gedən xəstə həftə ərzində həkim qəbuluna düşə bilmir. Hətta bəzən növbə üstündə xəstəxanalarda pasiyentlə qeydiyyat şöbələrində işləyən əməkdaşlar arasında böyük mübahisələr də yaranır. Bu da sonda xəstənin səhhətini daha da ağırlaşdırır.

Bu vəziyyətdən çıxış yolu nədir?

Tibbi ekspert Aydın Əliyev Qaynarinfo-ya açıqlamasında tibb müəssisələrinin qarşısında növbələrin yaranmaması ilə bağlı bir neçə çıxış yollarının olduğunu bildirib:

"Onlardan birincisi budur ki, həkimə gedən xəstə əvvəlcədən onlayn növbə götürsün. Bu artıq bir neçə klinikada həyata keçirilir. Amma bir neçə deyil, bütün xəstəxanalar onlayn növbə sisteminə keçməlidir. Hazırkı vəziyyətlə bağlı çıxış yolu budur. Əgər kimsə saatlarla xəstəxananın qarşısında gözləmək istəmirsə, onlayın növə sisteminə müraciət etsin”.

 

Həkim təəssüflə bu gün xəstəxanalara müraciət edənlərinin sayının çox olduğunu vurğulayıb:

"Xəstəxanaların isə sayı o qədər də yetərli deyil. Bu səbəbdən də tibb müəssisələrində basabas yaranır. Bu neqativ hallar qalmaqda davam edir. Azərbaycanda növbə məsələsi problem olaraq qalır. İkincisi, tibb müəssisələri də ASAN sistemdəki kimi sistemə keçid edə bilər. Üçüncüsü, ölkədaxilində klinikalar arasında daxili internet şəbəkəsi olmalıdır. Onlayn növbə götürməyən xəstə gəldiyi tibb müəssisələrinin qarşısında izdiham görür və gözləməyə səbri çatmır. Həmin anda daxil olur sistemə ki, görsün harada növbə az olan İcbari Tibbi Sığorta müəssisəsi var. Xəstə bunu görsə, vaxt itirmədən həmin müəssisəyə gedər. Bu təşkil olunarsa, iş də yüksək olar”.

Bu növbələrin həkimlər tərəfindən pozulmasına gəlincə, ekspert bu hallara təəssüf etdiyini deyir:

"Mənim yanıma gələn xəstələr deyir ki, "məni qabağa sal, evdə uşaq qoymuşam” və s. Hiss edirəm ki, həmin xəstələr həmişə növbədənkənar keçib müayinə olunublar. Ona görə də üz tutduğu hər yerdə insanların növbəsinə girirlər. Biz buna yol vermirik. Bütün problemləri həll etmək olar, sadəcə bir az iradə tələb olunur”.

 

Bahar Rüstəmli

Seçilən
23
1
hurriyyet.az

2Mənbələr