Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verib. Həmin vaxt Heydər Əliyev heç nədən çəkinməyərək dil məsələsində öz mövqeyini qətiyyətlə ortaya qoydu. Məhz onun bilavasitə təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi.Ulu öndər bu addımı ilə milli varlığımızın təminatçısı olan dilimizi məharətlə qorumuş oldu.
Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi dilimizin inkişafına xüsusi diqqət yetirərək müstəsna xidmətlər göstərib.1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.
Heydər Əliyevin bir dövlət rəhbəri kimi Azərbaycanda aparmış olduğu dil siyasəti elmi-nəzəri baxımdan yalnız Azərbaycan miqyasında əhəmiyyətli olması ilə məhdudlaşmır, eyni zamanda, dünya miqyasına çıxmaqla ümumiyyətlə dil quruculuğunun həmişə aktual olan problemlərinin həlli üçün əsaslı prinsiplər təqdim edir. Bu prinsiplər həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycanın, yəni müstəqillik uğrunda yüz illər boyu mübarizə aparan və qalib gələn bir xalqın nümunəsində və ya təcrübəsində uğurla həyata keçirilib.
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ulu öndər sovetlər hakimiyyəti dövründə də Azərbaycan dilinin inkişafı üçün əvəzolunmaz xidmətlər göstərib. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.
Müstəqilliyin ilk illərində çox sürətlə, referendum keçirilmədən dövlət dilimiz türk dili adlandırıldı. Amma Ulu öndər Heydər Əliyev ilk milli Konstitusiya layihəsi hazırlanarkən bu məsələyə xüsusi diqqət yetirdi və geniş müzakirlər aparıldı. O, vurğulayırdı ki, belə bir mühüm məsələ bir neçə nəfərin qərarı ilə ola bilməz, burada xalqın mövqeyi öyrənilməlidir. 1995-ci ildə konstitusiya layihəsi geniş müzakirə olundu. Mürəkkəblik odur ki, Azərbaycan yer adıdır. Amma türk dili deyəndə də türk dilləri çoxdur və Azərbaycan dili onların içərisində fərqlənmir. Elmi baxımdan daha doğrusu yerin və dilin adı ola bilərdi, yəni Azərbaycan türkcəsi. Amma bu da ifadəni mürəkkəbləşdirirdi. Ümumiyyətlə, Azərbaycan dili ənənəsi var. Bu, respublikamızda işlənirdi və ictimai təfəkkür bunu qəbul etmişdi. Başqa etnosların narahatlığı da nəzərə alınmalı idi və alındı da. Beləliklə, Azərbaycan dili Konstitusiyamızda dövlət dili kimi təsbit olundu.
Konstitusiyada dövlət dili kimi Azərbaycan dili yazılanda, bəzi dairələr bundan sui-istifadə etməyə çalışdılar. Yəni bununla da ictimai rəyə belə fikir yeritməyə çalışırdılar ki, guya biz türk deyilik. Amma Ümummilli lider Heydər Əliyev onlara açıq şəkildə cavab verdi ki, Azərbaycan xalqı türk xalqlarından biridir, dilimiz türk dillərindən biridir, biz hər mənada türk mənşəliyik. Ümumiyyətlə, Heydər Əliyev dil məsələsinə böyük həssaslıq göstərirdi. O, həmişə vətəndaşlara, xüsusilə gənclərə müxtəlif dilləri öyrənməyi tövsiyə edirdi. Amma onu da vurğulayırdı ki, ilk növbədə dövlət dili öyrənilməlidir.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan ana dili siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etirilir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı eyni zamanda Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu. Beləliklə, görülən işlərin nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Qürurverici haldır ki, dövlətimiz tərəfindən dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dilinin gələcəyi əmin əllərdədir.
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri