AZ

Azərbaycanlılara qarşı təxribat barədə şübhəli xəbərdarlıq - Rusiya, ya Ukrayna?


Əli Mustafa: “Zaxarova nə qədər iz azdırmağa çalışsa da, bu qarşıdurmanın əsas müəllifi Rusiyadır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanlılara qarşı planlaşdırılan mümkün təxribatlarla bağlı açıqlama verib.

Diplomat bildirib ki, Rusiya tərəfinin əldə etdiyi məlumata əsasən, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hazırda Azərbaycanla Rusiya arasında yaranmış ziddiyyətlərdən istifadə edərək milli zəmində nifrət və düşmənçiliyi qızışdırmaq niyyətindədir.

Zaxarovanın sözlərinə görə, bu çərçivədə Rusiya bayrağı altında Azərbaycana qarşı təxribat törətməyə razı olan rusiyalı keçmiş vətəndaşların cəlb olunması planlaşdırılır. Məqsəd isə Azərbaycan vətəndaşlarına, diplomatik nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı sabotajlar təşkil etməkdir: “Bu təxribatların uğurla həyata keçirilməsi halında məqsədhəmin hadisələri mediada 'Rusiya təcavüzü' kimi təqdim edərək, azərbaycanlı, türk və Avropa informasiya məkanında rezonans yaratmaqdır”.

Zaxarovanın bu açıqlamasının hansısa əsası varmı? Ola bilərmi ki, Rusiya özü törədəcəyi təxribatı indidən Ukraynanın üzərinə atmaq üçün zəmin formalaşdırır?

“Bununla bağlı yayılan məlumatlar dəyərləndirilməli və gözlənilən təxribatları önləmək üçün qabaqlayıcı addımlar atılmalıdır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Əli Mustafa hesab edir ki, belə bir informasiya maraqlıdır: “Rusiya tərəfinin belə bir açıqlama ilə çıxış etməsi, konkret olaraq Ukrayna təhlükəsizlik qurumları tərəfindən Rusiya ilə Azərbaycan arasında qarşıdurma yaratmaq haqda məlumatların olmasını demələri, əlbəttə, ciddi düşünməyə əsas verir. Burada müxtəlif versiyalar ola bilər. Nəzərə almaq lazımdır ki, bu gün Rusiya ilə Ukrayna savaş halındadır. Təbii ki, Ukrayna istəyər bütün ölkələr Rusiyaya qarşı olsun. Ancaq Rusiyanın son vaxtlar özünün etdiyi əməllər, azərbaycanlılara qarşı törətdiyi haqsızlıqlar, vəhşiliklər ciddi gərginlik yaradıb. Bunun özü də kifayət qədər ciddi zəmin yaradıb ki, azərbaycanlılarla ruslar arasında qarşıdurmalar, toqquşmalar baş versin. Ona görə də Zaxarova nə qədər iz azdırmağa çalışsa da, bu qarşıdurmanın əsas müəllifi Rusiyadır. Moskva bunu hansı niyyətlə etdiyini daha yaxşı bilir, amma süni şəkildə Azərbaycanla qarşıdurma yaratmaq, əlbəttə, digər güclərin də xeyrinədir. Rusiyaya qarşı olan digər güclərin də xeyrinədir və onlar məmnuniyyətlə bundan istifadə etmək istəyərlər. Kimin nə deməsindən asılı olmayaraq, bu qarşıdurmanı yaradan Rusiyadır. Əgər sabah azərbaycanlılara qarşı bir şey baş verərsə, yenə onun məsuliyyətini Rusiya daşıyır. Bu baxımdan Rusiya zəhmət çəkib yaratdığı bu vəziyyəti dəyişməlidir. Bütün bunların fonunda, ehtiyatlı olmalıyıq. Bununla bağlı yayılan məlumatlar dəyərləndirilməlidir. Gözlənilən təxribatları önləmək üçün qabaqlayıcı addımlar atılmalıdır”.

Vidadi ORDAHALLI

Seçilən
7
baki-xeber.com

1Mənbələr