Ədliyyə Nazirliyi xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən respublikamıza gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını daşımamağı tövsiyə edərkən bildirib ki, bu bitki xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr – bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısına daxildir.
Üzərlik Azərbaycanda bir neçə məqsədlə geniş istifadə edilir. Bir çoxları üzərliyin nəfsi, gözdəyməni yox etdiyini düşünür, bu məqsədlə bitkini qurudub evdən asır, yaxud onu yandırıb, tüstüsünü ətrafa yayırlar. Yandırılmış üzərlikdən yayılan qoxunun baş ağrısını kəsdiyini, təzyiqi aşağı saldığını söyləyənlər də var.
Maraqlıdır, üzərlik bitkisindən istifadə Azərbaycanda da qadağan edilə bilər? Bu bitkinin inancla əlaqəsi varmı? Üzərliyin insana hansı təsirləri barədə danışmaq olar?
Deputat Ceyhun Məmmədov Teleqraf-a açıqlamasında deyib ki, üzərliyin dini inancla heç bir əlaqəsi yoxdur. Dinimizə görə, hər hansı əşya insanı gözdən, bəladan xilas edə bilməz:
“Bu, sırf Azərbaycanda formalaşmış bir yanaşmadır. Din belə məsələlərin əleyhinədir. Üzərlikdən başqa məqsədlərlə istifadə edilə bilir. Bu, xarici ölkələrdə geniş müzakirə olunur”.
Deputatın sözlərinə görə, gələcəkdə ölkəmizdə də zərurət olarsa, aidiyyəti qurumlar lazımi tədbirlər görəcəklər:
“Hazırda məsələ Azərbaycanda gündəmdə deyil, ölkəmizlə əlaqəsi yoxdur. Çağırışın mahiyyəti vətəndaşlarımızın bu məsələdə maksimum diqqətli, ehtiyatlı olmasıdır. Dünyada geniş müzakirə olunduğu üçün problem yaşanmamasına diqqət edilməlidir”.
Dünya Çin Təbabəti Konfederasiyasının üzvü, doktor Seyfəddin Əsəd açıqlmasında üzərliyin xalq təbabətində və müxtəlif dini tədbirlərdə istifadə olunduğunu deyib.
Onun sözlərinə görə, üzərliyə fərqli bitki kimi yanaşılır:
“Bu bitki gözdəymədən qorumaqdan başqa, sinir sistemini sakitləşdirir, baş ağrısını kəsir, yorğunluğu, yuxusuzluğu aradan qaldırır. Həmçinin həşəratları məhv etmək üçün dezinfeksiya məqsədi ilə də istifadə olunur. Hətta bəzən qurd xəstəliklərinin müalicəsində dada çatır. Ölkəmizdə saç ağarmasının qarşısını almaq üçün geniş şəkildə istifadə edilir. Demək istəyirəm ki, üzərlikdən istifadə yönü çoxdur. Ancaq istifadə zamanı mütləq həkim məsləhəti dinlənilməlidir”.
Seyfəddin Əsəd üzərliyin təhlükələrindən də söz açıb:
“Tərkibində alkaloid maddələr, psixotrop maddələr var. Harmalin və harman tərkibləri güclü psixotrop təsir edir. Buna görə də ehtiyatlı olmaq lazımdır. Artıq dərəcədə istifadəsi ürəkbulanma, qıc olma, qusma, koma və hallüsinasiya kimi vəziyyətlərə sala bilər. Xüsusilə, hamilə qadınlarda dölün düşməsinə qədər gətirib çıxara bilər. Uşaqlara istifadə etmək olmaz. Sinir sistemi xəstəliklərində istifadə qadağandır. Bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər”.