AZ

Ana dili və milli ideologiya: Dövlət siyasətində strateji prioritetlər

Meydanəli Yolçiyev,

​YAP Daşkəsən rayon təşkilatının sədri

Hər bir xalqın öz dili onun milli kimliyinin təməlidir. Azərbaycan dili isə həm tarixi kökləri, həm zəngin leksikası, həm də ifadə imkanları baxımından türkdilli xalqlar arasında xüsusi yer tutur.

SSRİ dövründə ana dilinə bağlılıq nümayiş etdirmək, onun müdafiəsini açıq şəkildə ifadə etmək siyasi cəsarət tələb edirdi. 1930-cu illərdə ana dili uğrunda çıxış edən ziyalılar Sibirdə sürgün, təqib və repressiyalarla qarşılaşırdılar. Hətta Sovet İttifaqının tabeliyində olan respublika rəhbərləri belə bu məsələni açıq şəkildə gündəmə gətirməkdən çəkinirdilər.

Azərbaycan dilinin inkişaf tarixi asan və maneəsiz olmamışdır. Xüsusilə 1970-ci illərin ortalarından etibarən həmin respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən aktuallaşmağa başlamışdır. Bütün təzyiqlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev ana dili məsələsində qətiyyətli və prinsipial mövqe nümayiş etdirmişdir. 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması məhz Ulu Öndər Heydər Əliyevin əzmi və siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Ümummilli  Liderin təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsinə aşağıdakı redaksiya daxil edilmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu əlamətdar hadisə milli dilin hüquqi və siyasi baxımdan rəsmi status almasının ilk addımı kimi tarixə düşmüşdür.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ana dilinə münasibətdə yeni mərhələ başladı. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində qeyd olunur: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu müddəa xalqın iradəsi və istəyi ilə birmənalı şəkildə təsdiq edildi. 2001-ci il iyunun 18-də isə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalandı. Bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı və dil siyasətinin əsas istiqamətləri müəyyən olundu.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu mühüm qərar Azərbaycan xalqının dilinə və mədəniyyətinə verilən yüksək qiymətin göstəricisidir. Bu dövrdə Azərbaycan dilinin hüquqi statusu və praktiki tətbiqi daha da möhkəmləndirildi. 30 sentyabr 2002-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dilin işlədilməsinin hüquqi əsaslarını müəyyənləşdirdi. Qanun, həmçinin Azərbaycan dilinin dövlət idarəetməsi, təhsil, kütləvi informasiya vasitələri və hüquq sistemində daha geniş tətbiqini təmin etdi. Bu Qanun həm də dünya azərbaycanlılarının ana dilində milli-mədəni özünüifadə imkanlarının genişləndirilməsi üçün zəmin yaratdı.

Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ana dilinin inkişafına və tətbiqinə yönəlmiş ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirmişdir. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan dilinin həm hüquqi, həm də praktik statusunun gücləndirilməsi məqsədilə bir sıra əhəmiyyətli sənədlər və dövlət proqramları qəbul edilmişdir.

Cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı əsasında 2004–2008-ci illəri əhatə edən dövrdə latın qrafikası ilə nəşr olunacaq əsərlərin siyahısı hazırlanaraq ardıcıl şəkildə reallaşdırıldı. Dövlət başçısının “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 14 yanvar 2004-cü il tarixli Sərəncamı ilə ana dilimizdə elmi və mədəni biliklərin sistemli şəkildə toplanması və yayımlanması üçün mühüm hüquqi baza yaradıldı. Ensiklopediya Azərbaycan dilinin intellektual və leksik potensialını əyani şəkildə ortaya qoyan monumental irs nümunəsidir.

Prezident İlham Əliyevin 30 dekabr 2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamı Azərbaycan dilinin tərcümə imkanlarını genişləndirməklə yanaşı, qlobal ədəbiyyat nümunələrinin yerli oxucuya ana dilində təqdim olunmasını təmin etdi. Bu faktor həm də dilimizin bədii-estetik ifadə potensialının inkişafına və mədəni inteqrasiyaya böyük töhfə verdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il aprelin 9-da qəbul olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin müasir texnoloji və informasiya axınında özünü qoruması və möhkəmləndirməsi üçün strateji yol xəritəsi olmuşdur. Bu proqram çərçivəsində dilin saflığının qorunması, terminoloji sistemin təkmilləşdirilməsi və elmi dilçiliyin inkişafı kimi vacib məsələlərə kompleks yanaşma təmin edilmişdir.

İnformasiya texnologiyalarının həyatın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli Sərəncamı dilin rəqəmsal platformalarda tətbiqini genişləndirməyə yönəlmiş vacib sənəddir. Bu təşəbbüs ana dilimizin internetdə, sosial mediada və rəqəmsal resurslarda keyfiyyətli və funksional istifadəsinə mühüm töhfə vermişdir. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə ictimai və rəsmi məkanlarda dilin norma və qaydalar əsasında istifadəsini təmin etmək məqsədi daşıyır.

Bu Fərman və sərəncamlar bir daha sübut edir ki, Azərbaycan dili ölkənin milli-mədəni təhlükəsizliyi və ideoloji sabitliyinin təcəssümüdür. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı strateji addımlar nəticəsində ana dilimiz həm hüquqi çərçivədə, həm də praktik və texnoloji müstəvidə gücləndirilmiş, onun sosial, elmi və mədəni platformalardakı statusu möhkəmləndirilmişdir. Azərbaycan dili milli birlik və həmrəyliyin təzahürüdür. Ana dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi xalqımızın müqəddəs borcudur.

Seçilən
53
6
yeniazerbaycan.com

10Mənbələr