AZ

İstiliklə bağlı qiymətlər narazılıq yaratdı: vacib detallar üzə çıxdı – RƏSMİ

Xəbər verdiyimiz kimi, Azərbaycanda istilik qiymətləri bahalaşıb. Belə ki, “Azəristiliktəchizat” ASC-dən daxil olmuş müraciət əsasında Tarif Şurasının (TŞ) iclasında əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifləri artırılıb. Yeni qərar cəmiyyətdə narazılıq doğurub və tənqidlərə səbəb olub. Bir çox ekspertlər qiymət artımının əhalinin maddi vəziyyətinə mənfi təsir göstərəcəyini bildirir, tariflərin yenidən nəzərdən keçirilməsini təklif edirlər.

Tariflərin dəyişdirilməsinə səbəb nə oldu? İndiki halda buna ehtiyac var idimi?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan “Azəristiliktəchizat” ASC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Rüxsarə Babayeva deyib ki, qanunvericiliyı əsasən Tarif Şurası xidmətin tarifini müəyyənləşdirir:

“Cari ilin noyabr ayından yeni tarif sayğac quraşdırılmadığı halda, 1 m² sahəyə görə aylıq 45 qəpik, sayğac quraşdırıldığı halda isə 1 Qkal üçün 21 manat müəyyən edilib. Buna baxmayaraq, “Azəristiliktəchizat” ASC abonentlərinin orta aylıq isitmə xərci hələ də fərdi qaz abonentlərinin ümumi orta isitmə xərcindən yüksək olmayacaq. Nəzərə alınmalıdır ki, mərkəzi istlik təchizatından fərqli olaraq, fərdi isitmə vasitələrində abonent qaz xərcindən əlavə, həm də kombi qazanları kimi fərdi istilik sistemlərinin xərcini də özü qarşılayır”.


Qurum rəsmisi qeyd edib ki, əhaliyə göstərilmiş istilik təchizatı xidmətinin maya dəyəri 1 m² sahə üçün aylıq 1,10 manat təşkil edir:

“Lakin mövcud tarif maya dəyərindən bir neçə dəfə aşağıdır. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu səbəbdən əhaliyə göstərilən istilik təchizatı xidmətinə görə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Bu tarif tənzimləməsi “Azəristiliktəchizat” ASC-nin dövlət büdcəsindən asılılığının azalmasına, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlığının təmin edilməsinə şərait yaradacaq. Bu hədəflərə çatmaq üçün hazırda genişmiqyaslı yenidənqurma və texniki modernizasiya işləri də aparılır.

Yeni tarif müəyyənləşdirilərkən istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, istehlakçıların alıcılıq qabiliyyəti, istehsal və xidmət şərtləri, alternativ isitmə sistemlərinin mövcudluğu, enerji resursların daha səmərəli istifadə imkanları, qiymət amilinin istiqamətləndirici və məhdudlaşdırıcı təsirindən istifadə kimi əsas prinsipləri nəzərə alınıb. Qeyd olunan tarif dəyişiklikləri Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na uyğun olaraq dağ rayonlarında 2025-ci il 1 noyabr tarixindən, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən qüvvəyə minəcək”.

İqtisadçı Günay Hüseynova bildirib ki, qiymət artımı xidmət keyfiyyətinin yaxşılaşdırılması, texniki qurğu və avadanlığın təmiri, quraşdırılma xərcləri, həmçinin işçilərin əmək haqlarının artırılması üçün nəzərdə tutulur:

“Lakin sosial-iqtisadi şəraiti nəzərə alaraq, hazırda bu qərara ehtiyac yox idi. İnsanların sosial imkanları əlavə qiymət artımına görə tarifləri ödəməkdə çətinlik yaradır. Hər il 1 yanvar tarixində minimum əməkhaqqı artırılır. Ötən illə müqayisədə bu il vergi və kəsintilər xaricində 50 manatlıq bir artım olub. Aylıq inflyasiya, mal və xidmətlərin qiymətinin aşağı həddə qalması ilə əlaqədar olaraq, artan məbləğ də nəzərə çarpır. Bu səbəbdən yeni tarifin tətbiqini məqsədəuyğun hesab etmirəm. Əgər bu sahədə yeniliklər, yaxud xidmət keyfiyyətinin artırılması və digər xərclərə ehtiyac varsa, bu, dövlət büdcəsindən maliyyələşməlidir”.

İqtisadçı əlavə edib ki, sosial-iqtisadi sahələrdə qiymət artımı olarsa, vətəndaşların təklifi ilə təyin edilməsi məqsədəuyğun olardı:

“Dövlət büdcəsi kifayət qədərdir. Paralel olaraq, son dövrlərdə iqtisadi və ticarət tərəfdaşlarımızın sayı artıb. Buna görə də bu sahənin xərclərinin vətəndaşın cibindən çıxması doğru deyil. Konstitusiyada da vətəndaşların iqtisadi və sosial rifahının yaxşılaşdırılması prinsipi qeyd olunub”.
Seçilən
36
referans.az

1Mənbələr