AZ

Zaur İbrahimli: “Tehran dəhlizi Türk dünyasının güclənməsi kimi görür”

“İranın mühafizəkar dairələri Zəngəzur dəhlizinin açılmasını geosiyasi və geoiqtisadi baxımdan öz maraqları üçün təhlükə kimi qiymətləndirirlər. Rəsmi Tehran hesab edir ki, dəhlizin açılması Türk dünyasının regionda təsirini artıracaq. Eyni zamanda bu, onun Cənubi Qafqazdakı nüfuzunun zəifləməsi ilə nəticələnə bilər. Hesab olunur ki, Zəngəzur dəhlizinin açılması Türk dövlətlərinin regionda strateji təsir imkanlarını daha da gücləndirəcək. Bu, Ankaranın türk coğrafiyası – yəni Türküstan, Mərkəzi Asiya və Avrasiya regionları ilə birbaşa əlaqə qurması üçün yeni imkanlar yaradacaq. Nəticə etibarilə, bu da İranın regiondakı təsir rıçaqlarını zəiflədə bilər. İkincisi, Zəngəzur dəhlizinin açılması İran üzərindən keçən nəqliyyat marşrutlarına alternativ ola bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Qeyd edək ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqda davam edir. Ermənistan Baş naziri Nikol Paşinyandan sonra Prezident Vaaqn Xaçaturyan da dəhlizin vacibliyini vurğulayıb. Bu isə bölgədə mühüm dəyişikliklərin baş verəcəyindən xəbər verir. İran hakimiyyəti Zəngəzur dəhlizini hər zaman özləri üçün “qırmızı xətt” adlandırıb. Rəsmi Tehranın göstərdiyi bütün təzyiqlərə baxmayaraq, görünür ki, Ermənistan dəhlizin açılmasına razılıq verməyə yaxındır.

Siyasi şərhçi qeyd edib ki, indiyədək İran öz ərazisindən keçən, Çindən Mərkəzi Asiya və Avropaya uzanan logistika marşrutlarını əsas tranzit yolu kimi təqdim edib.

“Zəngəzur dəhlizi isə bu baxımdan real alternativ kimi dəyərləndirilir. Nəticə etibarilə, gələcəkdə bu dəhliz marşrut funksiyasını yerinə yetirə biləcəksə, o zaman Avropa və Qərb ölkələri bu yolun üstünlüklərini daha çox nəzərə alacaqlar. Zəngəzur dəhlizinin açılması NATO-nun Cənubi Qafqazda da mövqelərinə təsir edəcək. Eyni zamanda bu, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına və region ölkələri arasında sərhədlərin açılması perspektivinin real görünməsinə səbəb ola bilər. Bu isə Türkiyənin Ermənistandakı mövqeyini gücləndirəcək, Ermənistanı iqtisadi təcrid vəziyyətindən çıxara bilər və dəhliz ölkə iqtisadiyyatına yeni canlanma gətirə, iqtisadi inteqrasiya ilə bağlı layihələrin gündəmə gəlməsinə səbəb ola bilər. Tehran isə bu prosesdən narahatdır. Çünki Ermənistanın iqtisadi təcrid vəziyyətində qalması rəsmi Tehran üçün əhəmiyyətlidir. Belə olan halda, Ermənistanın İrandan asılılıq dərəcəsi yüksək olur. Zəngəzur dəhlizinin açılması isə İran-Azərbaycan münasibətlərinin də normallaşmasına gətirib çıxara bilər. Bu, İranın illərlə apardığı siyasi strategiyanı da zədələyə bilər. Rəsmi Tehran daim birtərəfli şəkildə Ermənistanı dəstəkləyib və Azərbaycan-Ermənistan arasında münaqişənin davam etməsində maraqlı olub. Bu strateji yanaşma vasitəsilə Tehran həm Ermənistana təsir göstərməyə, həm də Azərbaycanla münasibətlərdə təzyiq rıçaqları kimi istifadə etməyə çalışıb. Həmçinin ehtimal edilir ki, bu proses NATO-nun Mərkəzi Asiya regionunda mövqelərini də gücləndirə bilər. NATO-nun Türk dünyası ilə birbaşa əlaqə quracaq bir xəttin yaradılması alyansın bu regionla əlaqələrini daha da gücləndirə bilər. Bu baxımdan, rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır və son vaxtlar ard-arda öz etirazlarını bildirir”.

Siyasi şərhçi əlavə edib ki, Zəngəzur dəhlizinin açılması İran-Ermənistan münasibətlərinə birbaşa təsir göstərəcək:

“İranla münasibətdə Ermənistanın manevr imkanları artacaq, yeni alternativlər yaranacaq və bu da Ermənistanın siyasi subyektivliyini gücləndirəcək. Bu amillər təsirsiz ötüşə bilməz və İranda da bu reallıq yaxşı dərk olunur. Bununla belə, İran-Ermənistan əlaqələrinin Zəngəzur dəhlizi məsələsinə görə tamamilə qarşıdurmalı vəziyyətə gələcəyini söyləmək hələ tezdir. Lakin əgər Ermənistan dəhlizin açılması ilə bağlı qəti mövqe sərgiləyəcək və rəsmi İrəvan bu istiqamətdə cəsarətli addımlar atacaqsa, o zaman Tehran bunu “qeyri-dost addım” kimi qiymətləndirə bilər. Buna baxmayaraq, başa düşmək lazımdır ki, İran-Ermənistan əlaqələri kifayət qədər ciddi xarakter daşıyır və hər iki ölkənin bu münasibətləri qoruyub saxlaması onların regionda müəyyən güc balansını təmin etməsinə imkan verir. Bu səbəbdən də münasibətlərin tamamilə qırılacağını demək doğru olmaz. Lakin Ermənistan tərəfindən münasibətlərin yenidən nəzərdən keçiriləcəyi ehtimalı yüksəkdir və istənilən halda İranın təsir imkanları zəifləyəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
18
aznews.az

1Mənbələr