İyulun 31-də Azərbaycan İlahiyyat İnstitutunda III ixtisas qrupu üzrə bakalavriat səviyyəsinin islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsahibə mərhələsi avqustun 2-dək davam edəcək. Abituriyentlərin müsahibədə iştirak etməsi üçün ərizə qəbulu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılıb və bu müddət ərzində 143 nəfər qeydiyyatdan keçib.
Abituriyentlərin dünyagörüşü səviyyələrinin və islamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə DİM tərəfindən Dini-Psixoloji Komissiya yaradılıb. Komissiyanın tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və DİM-in əməkdaşları daxil ediliblər.
Dini-Psixoloji Komissiya tərəfindən abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları, dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.
Uğur qazanan abituriyentlər seçim zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə biləcəklər.
Müsahibə mərhələsinin nəticəsindən narazı qalan abituriyentlər apellyasiya müraciəti edə bilərlər. Apellyasiya Komissiyası tərəfindən müraciətlər yalnız abituriyentin müsahibədə iştirak etdiyi gün qəbul edilir.
Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Ali təhsil müəssisəsi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəaliyyət göstərir.
İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və digər sosial, humanitar elmlər tədris olunur.