Rəsul Cahangirli: “Bu sahənin fəaliyyətə başlaması qeyri-neft sektorunun inkişafına, məşğulluğun təmin edilməsinə...”
Prezident İlham Əliyevin imzaladığı fərmanla Xəzər dənizinin (gölünün) ölkəmizə mənsub bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün lisenziyaların verilməsi səlahiyyəti Dövlət Turizm Agentliyinə həvalə olundu.
Bu qərar oyun biznesinin tənzimlənməsi ilə yanaşı, turizm strategiyasının yeni mərhələyə keçidi baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir.
Əksər ölkələrdən fərqli olaraq, Azərbaycanda bu fəaliyyət yalnız süni şəkildə yaradılmış torpaq sahələrində və əsasən xarici turistlər üçün nəzərdə tutulmuş məhdud formatda həyata keçiriləcək. Bu isə həm coğrafi, həm də demoqrafik məhdudiyyətlərin tətbiqi deməkdir.
Hazırkı qanunvericilik dəyişiklikləri bu sahədə ciddi nəzarət və tənzimləmə mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Məsələn, 21 yaşa qədər şəxslərin pul uduşlu oyunlara buraxılması qadağandır. Bu mühafizəkar və ehtiyatlı yanaşma, eyni zamanda həssas sosial qrupların qorunmasına xidmət edir.
Bu o deməkdir ki, kazino oyunları qanun çərçivəsində və müəyyən olunan lisenziya şərtlərinə əsasən olacaq. Hər yerindən duran kazino aça bilməz, bundan öz mənafeyi, varlanması üçün sui-isytifadə edə bilməz. Yalnız müəyyən olunan normativlər və nəzarət altında kazino oyunları təşkil olunacaq.
“Müsbət olan həm də odur ki, istənilən yerdə kazino açmaq mümkün olmayacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirli müəyyən qaydalar çərçivəsində kazinoların Azərbaycan modelinə uyğun açılmasına müsbət yanaşdı: “Müsbət olan həm də odur ki, istənilən yerdə kazino açmaq mümkün olmayacaq. Yalnız ölkəmizə məxsus süni torpaq sahələrində kazino açmaq mümkün olacaq. Fikrimcə, belə qaydalar doğrudur. Çünki istənilən yerdə kazino açılsa, bunun müəyyən sosial fəsadları ola bilər. Bu sahənin fəaliyyətə başlaması qeyri-neft sektorunun inkişafına, məşğulluğun təmin edilməsinə, turizmin inkişafına, bu sahədən büdcəyə vergi daxilolmalarının artmasına, iqtisadiyyatın digər yan sahələrinin dirçəlməsinə müsbət təsir edəcək. Ölkədən pul axını azalacaq. Nəzərə almaq lazımdır ki, indiyə qədər Azərbaycandan Gürcüstana turist kimi gedənlər əsasən oradakı kazinolara xeyir verirdilər. İndi imkan olacaq ki, onlar öz vəsaitlərini yerli kazinolarda istifadə etsinlər. Ən başlıcası isə, ölkəmizə gələn xarici turistlər əyləncə məqsədi ilə kazinolarımıza pul yönəldəcəklər. Bu sahə fəaliyyətə başlayandan sonra yaxın və uzaq ölkələrdən kazino oyunları oynamaq üçün ölkəmizə gələn imkanlı şəxslərin sayı artacaq. Bu da xarici valyutanın ölkəmizə gəlməsi üçün yeni imkanların açılması deməkdir. Xəzər dənizinin süni torpaq sahəsində yaradılacaq kazino sənayesi ölkəmizə əlavə gəlirlər gətirəcək. Kazino da turizmin bir sektorudur. Bu sektor turizmin ən bahalı sahəsi hesab olunur. O baxımdan ölkə iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün bu imkanlardan maksimum faydalanmalıyıq”.
Vidadi ORDAHALLI