AZ

“Keyfiyyətsiz pedaqoji kadr hazırlığına son verilməlidir” - Qoşqar Məhərrəmov

“Pedoqoji ixtisas qruplarının sayının azalması zəruri idi. Çünki Azərbaycanda müəllim hazırlığına olan tələbatdan daha çox müəllim yetişdirilir. Bu səhv illər əvvəl buraxılıb. Bildiyiniz kimi, pedoqoji fakültələrin sayı artıb və yüzlərlə insan bu fakültələrdən məzun olub. Onlar iş tapmaq ümidi ilə məktəblərə müraciət ediblər. Məktəblər isə, xüsusilə 2000-ci illərin əvvəllərində bu qədər müəllimə ehtiyac olmadığı halda, onları işə götürüblər və nəticədə təhsil sistemində artıq bir “müəllim yüklənməsi” yaranıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib.

Qeyd edək ki, ali təhsil müəssisələrində bütün ixtisas qrupları üzrə pedaqoji, yəni müəllimlik ixtisaslarının sayı kəskin şəkildə azaldılıb. Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bəzi universitetlərdə bu ixtisaslar ümumiyyətlə ləğv edilib. Ekspert bildirib ki, bu səbəbdən abituriyentlər ixtisas seçimi zamanı daha diqqətli olmalıdırlar. Eyni zamanda, pedaqoji ixtisaslar üzrə keçid ballarında ciddi artımın baş verəcəyi gözlənilir.

Ekspert qeyd edib ki, bəzən elə hallar olub ki, eyni məktəbdə bir fənni tədris edən beş-altı müəllim işləyib.

“Hər birinə cəmi 3-5 saat dərs verilir. Bu, doğru yanaşma deyil. Müəllim həftəlik 40 saatlıq iş rejiminə əsasən çalışmalıdır. Bunun da azı 20-25 saatını dərs keçməyə, qalan saatlarını isə pedaqoji hazırlıq, özünüinkişaf, məktəbdaxili və valideyn iclasları kimi fəaliyyətlərə sərf etməlidir. Əks halda, müəllim məktəbə yalnız 3-5 saat dərs deməyə gəlir, sonra isə başqa işlərlə məşğul olur. Bu, düzgün deyil. Ona görə də, bu yükü azaltmaq üçün pedoqoji ixtisas qruplarının azaldılması vacib idi və bu addımı alqışlayıram. Əgər müəllimə olan tələbat azdırsa, onda müəllim hazırlığına da ehtiyac yoxdur. Bundan başqa, sertifikasiya və MİQ imtahanlarının nəticələri də göstərir ki, bəzi universitetlərin məzunları yaxşı nəticə göstərə bilmirlər. Bu da həmin ali məktəblərdə pedaqoji hazırlığın zəif olduğunu sübut edir. Buna görə də həmin ixtisasların bağlanması gözlənilən idi. Əgər keyfiyyətsiz kadr hazırlanırsa, o zaman heç hazırlanmaması daha məqsədəuyğundur. Təbii ki, pedoqoji fakültələrin sayı azaldıqda qəbul planı da azalacaq və bu sahədə rəqabət güclənəcək. Rəqabətin güclənməsi isə qəbul ballarının artmasına səbəb olacaq. Düşünürəm ki, bu, çox düzgün və vaxtında atılmış bir addımdır. Biz planlı şəkildə iş görməliyik. Əgər 3-5 il sonra cəmi 10 müəllimə ehtiyac varsa, 50 nəfərlik qəbul planı açmağın mənası yoxdur. Təəssüf ki, bu səhvlər illər əvvəl edilib”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
32
aznews.az

1Mənbələr