AZ

Ətraf mühitin mühafizəsində həm uğurlar, həm də problemlər qeydə alınır


Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ümumiyyətlə, ölkədə bu sahə strateji müstəvidə əksini tapıb.

Son on ildə isə ətraf mühitin qorunması sahəsində qanunvericilik, institutlar və real layihələr intensiv şəkildə inkişaf etdirilib. Amma bütün bunlara baxmayaraq, müəyyən problemlər də mövcuddur və indi əsas diqqət onlar üzərində cəmlənib.

Meşə fondu və xüsusi mühafizə olunan təbiət əraziləri üçün böyük təhlükə

Azərbaycanda ətraf mühit problemləri müxtəlif səbəblərdən yaranır və bunlar həm təbii, həm də antropogen amillərlə bağlıdır. Antropogen faktordan qaynaqlanan hallar xüsusilə yay mövsümündə özünü istirahət zonalarında daha qabarıq büruzə verir. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin ötən dövrü ərzində meşə və təbiət ərazilərinə yaxın sahələrdə 83 yanğın hadisəsi baş verib ki, bunun da 15-i sonradan meşə torpaqlarına, 2-si isə xüsusi mühafizə olunan təbiət ərazilərinə keçib.

Bundan başqa, son günlər havaların isti və quraq keçməsi meşə və digər yaşıllıq ərazilərdə yanğın riskini artırıb. Aparılan təhlillər və araşdırmalar meşə yanğınlarının əsas səbəbinin insan faktoru olduğunu göstərir. Belə ki, statistika əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bildirdiyinə görə, qeydə alınan yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşların, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, meşə və təbiət ərazilərinə yaxın kəndlərdə yaşayan sakinlərin, istirahət məqsədilə təbiət qoynuna üz tutan şəxslərin odla ehtiyatsızlığı səbəbindən baş verir. Bundan əlavə, statistika göstərir ki, baş verən yanğınların əksəriyyəti meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda qeydə alınır, sonradan külək və quraq hava səbəbindən təəssüf ki, qorunan ərazilərə keçir. Nəticədə ölkənin meşə fonduna, xüsusi mühafizə olunan təbiət ərazilərinə, bioloji resurslara və torpağın üst münbit qatına ciddi ziyan dəyir, ekosistem məhv olur. Bu problemin aradan qaldırlması üçün bütövlükdə cəmiyyət səfərbər olmalıdır. Təbii ki, ölkədə ekoloji təhdidin digər mənbələri də var. Qeyd edək ki, yanğın məsələsi ümumiyyətlə dünya üçün aktualdır. Məsələn, Almaniyanın “Munich Re” təkrarsığorta şirkətinin açıqladığı hesabatda deyilir ki, təbii fəlakətlər 2025-ci ilin birinci yarısında qlobal iqtisadiyyata 131 milyard dollar həcmində ziyan vurub. Ümumi itkilərin təxminən 80 milyard dolları sığortalanıb. Məlumata görə, meteoroloji fəlakətlər ümumi itkilərin 88 faizini, sığortalananların isə 98 faizini təşkil edib. Zəlzələlər müvafiq olaraq 12 faiz və 2 faiz təşkil edib. Ölkəmizə gəlincə ətraf mühitə zərər vuran digər faktorlar da var.Sənaye müəssisələri, avtomobil nəqliyyatı, qızınma sistemlərində keyfiyyətsiz yanacaqdan istifadə, köhnə texnologiyalı müəssisələrin fəaliyyət göstərməsi burada öz sözünü deyir. Bunlar ətraf mühitlə yanaşı, insan sağlamlığına da ciddi zərər vurur. Atmosferin zərərli qazlarla çirklənməsi davam edir. Suyun qeyri-səmərəli istifadəsi və suvarma sistemlərinin köhnə olması, sənaye və məişət tullantılarının bir hissəsinin hələ də torpağa atılması problem olaraq qalır. Əkinəyararlı torpaqların sıradan çıxması, bitki örtüyünün azalması, kənd təsərrüfatının məhsuldarlığının aşağı düşməsi kimi problemlər də var. Xəzər dənizində və digər su hövzələrində bioloji müxtəlifliyin azalması, Kür və Araz çaylarının axını ilə gələn transsərhəd çirklənmə məsələsi də hələ tam həllini tapmayıb.

Axar-Baxar və İlisu milli parklarının yaradılması ətraf mühitin mühafizəsinə yeni böyük töhfədir

Yuxarıda qeyd edilən problemlərə baxmayaraq, ətraf mühitin mühafizəsi istiqamətində işlər də davam etdirlir. Elə prezident İlham Əliyevin bu yaxınlarda “Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında” sərəncam imzalaması qeyd olunanların daha bir göstəricisidir.

Dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, Axar-Baxar Milli Parkı Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, 23901,99 hektar sahədə yaradılacaq. İlisu Milli Parkı isə sərəncama əsasən, Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, 13966 hektar sahədə yaradılacaq. Sərəncamda bildirilir ki, milli parkların yaradılmasında məqsəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədi daşıyır. Bu, həm də ətraf mühitin mühafizəsinə böyük töhfədir. Ümuiyyətlə, Azərbaycanda son illərdə ətraf mühitin qorunması istiqamətində kompleks tədbirlər — qanunvericilik islahatlarından tutmuş, milli parkların genişləndirilməsi, meşələşdirmə kampaniyaları, tullantı idarəçiliyi, iqlim siyasəti və beynəlxalq əməkdaşlığa qədər— sistemli şəkildə həyata keçirilib. Bu gün isə qlobal enerji gündəliyində yaşıl transformasiya və dekarbonizasiya məsələləri ön plana keçdikcə, bu sahədə aparıcı rol oynamaq iddiasında olan ölkəmiz dayanıqlı inkişaf yolunda əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Elə bundan irəli gəlir ki,Azərbaycanın milli enerji strategiyası da bu reallıqlara cavab olaraq bərpaolunan enerji potensialının inkişafı, resurslardan səmərəli istifadənin təşviqini prioritet stiqamət kimi müəyyənləşdirib. Bu müstəvidə, Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi 2030-cu ilə qədər olan beş Milli Prioritetdən biridir. Növbəti illərdə də ölkəmizdə ətraf mühitin mühafizəsi üçün hüquqi bazanın gücləndirilməsi, tullantıların azaldılması, bərpa olunan enerji investisiyaların artması diqqət mərkəzində qalmaqda davam edəcək.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
9
baki-xeber.com

1Mənbələr