AZ

Lerik kəndləri boşalır - Ərdəbildə nə baş verib?..


Elxan Əliyev: “Rayonlarda qazanc üçün imkanlar olsa, gənclər heç Bakıya gəlməyin marağında da olmaz

Dünyanın hər yerində kəndlərin boş qalması və əhalinin iri şəhərlərə köç etməsi ciddi problem kimi qəbul edilir. Azərbaycanda da bu hal yaşanır.

Belə ki, bu günlərdə Lerikdən yayılan görüntülər müzakirələrə yol açıb. Həmin görüntülərdə rayonun Ərdəbil kəndində kütləvi köçdən bəhs edilir. Deyilir ki, üç ailədən başqa hamı kəndi tərk edib. Eyni hal Lerikin digər kəndlərində də yaşanır.

Qeyd edək ki, analoji hal digər kəndlərdə də müşahidə olunur. Onu da bildirək ki, kənddən şəhərə köç aqrar sektora da mənfi təsir göstərir.

Görəsən nə baş verir ki, kəndlər bu qədər sürətlə boşalır? Vəziyyət təkcə iqtisadi səbəblərləmi bağlıdır, yoxsa daha dərin, sistemli problemlərin nəticəsidir?

Lerikin Ərdəbil kəndinin boşalması yeni bir hadisə deyil, bu hal bütün ucqar kəndlərdə müşahidə olunur, səbəb isə işsizlikdir

Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, insanların vətəndaşı olduqları ölkənin istənilən yerində yaşamaq hüququ var: “Həmin hüququ kimsə onların əlindən ala bilməz. İnsanlar özləri seçim edirlər. Bu, təhsil, maddi imkanlar və potensialla bağlı məsələdir. Kənddən şəhərə köçün qarşısını almaq mümkün deyil. Amma iqtisadi metodlarla, müəyyən təşviq alətlərindən istifadə etməklə kəndlərin boşalmasının qarşısını almaq olar. Ancaq bu, vaxt və maliyyə tələb edir. Ümumiyyətlə, kəndlərin boşalmasının səbəbləri var. Bunlardan biri urbanizasiyadır. Xroniki maliyyə fonunda normal yolların, xəstəxananın və s. infrastrukturun olmaması da səbəblərə daxildir. Ona görə də insanların daha yaxşı, rahat yaşamaq istəyi yaranır. Bu gün ölkəmizin əksər rayonlarında su qıtlığı müşahidə olunur. Bu səbəbdən, kənd təsərrüfatı ilə məşğul olan insanlar gəlir götürə bilmirlər. Əsas problem isə iş, məşğulluqdur. Kəndlərdə əhalinin qazanması üçün iş yerləri məhdud saydadır. Bölgələrdə fabrik, zavod da azdır. Rayonlarda qazanc üçün imkanlar olsa, gənclər heç Bakıya gəlməyin marağında da olmaz. Ancaq bəzi insanlar da var ki, hesab edir Bakıya gəlsə, hər şeyin yaxşısı ilə qarşılaşacaq. Lakin fərqli mənzərə ilə qarşılaşırlar. Lerikin Ərdəbil kəndinin boşalması yeni bir hadisə deyil. Bu hal bütün ucqar kəndlərdə müşahidə olunur, səbəb isə işsizlikdir”.

Günel CƏLİLOVA

Seçilən
26
baki-xeber.com

1Mənbələr