AZ

Avropa İttifaqında elektromobillərə maraq azalmaqdadır

Avropa İttifaqında (Aİ) 2024-cü ildə elektromobillərin yeni avtomobillər sırasında payı azalaraq 13,6 faiz təşkil edib. Bu, 2015-ci ildən bəri ilk dəfə qeydə alınan azalmadır.

AZƏRTAC Avropa Statistika İdarəsinin (Eurostat) təqdim etdiyi son hesabata istinadən xəbər verir ki, ötən il Aİ-də yalnız batareya ilə işləyən 1,45 milyon yeni elektromobil qeydiyyatdan keçib ki, bu da 2023-cü illə müqayisədə 6,1 faiz azdır.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 1,55 milyon təşkil etmişdi. Mütəxəssislər bunu Aİ-də elektromobillərə olan ictimai marağın azalması ilə izah edirlər. Halbuki 2015–2023-cü illər ərzində elektromobillərin sayı orta hesabla hər il 58 faiz artmaqda idi. Ümumilikdə, 2024-cü ilin sonuna Aİ-də istifadə edilən yalnız batareya ilə işləyən elektromobillərin sayı 5,87 milyona çatıb ki, bu da əvvəlki illə müqayisədə 32,4 faiz artım deməkdir (2023-cü ildə – 4,43 milyon).

Ölkələr üzrə müqayisəyə gəlincə, ən yüksək göstəricilər Danimarka (51,3 faiz), Malta (37,7 faiz) və İsveçdə (34,9 faiz), ən aşağı göstəricilər isə Cənubi və Mərkəzi Avropa ölkələrində qeydə alınıb. Xüsusilə Xorvatiya cəmi 1,8 faiz göstərici ilə Aİ ölkələri arasında sonuncu yerdə qərarlaşıb. Slovakiya (2,4 faiz) və Polşa (3 faiz) da elektromobillərin alışında geridə qalan ölkələr sırasındadır.

Qeyd edək ki, 2018-ci ilə qədər yeni elektromobillərin qeydiyyatda payı 1 faizdən aşağı olsa da, son illərdə bu göstərici sabit şəkildə artmaqda idi: 2020-ci ildə – 5,3 faiz, 2021-ci ildə – 9 faiz, 2022-ci ildə – 12,1 faiz və 2023-cü ildə – 14,6 faiz.

Avropa Statistika İdarəsi bu tendensiyanın gələcək illərdə dəyişib-dəyişməyəcəyini bazar və texnoloji faktorların müəyyən edəcəyini bildirib.

Seçilən
32
3
azerbaijan-news.az

4Mənbələr