AZ

“Yorğun sürücü həm özünü, həm sərnişinləri riskə atır” - Eldəniz Cəfərov

“Təcrübəli sürücülər yaxşı bilirlər ki, yorğun və yuxusuz halda uzaq yola çıxmaq qəti şəkildə yolverilməzdir. Bu, böyük risk daşıyır və nəticələri son dərəcə ağır ola bilər. Magistral və şəhərlərarası yollarda baş verən qəzaların təhlili göstərir ki, sürücülərin bir qismi sükan arxasında yuxuya gedib və ya həddindən artıq yorğun olduqları üçün diqqətsizlik ucbatından yol-nəqliyyat hadisəsi baş verib. Belə hallarda qəzanın qarşısını almaq artıq mümkün olmur, çünki bu, birbaşa sürücünün şəxsi məsuliyyətindən qaynaqlanır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında nəqliyyat ekspert Eldəniz Cəfərov deyib.

Xatırladaq ki, son zamanlar yay aylarında havaların isti keçməsi, uzun məsafəli səfərlərin artması və sürücülərin istirahətsiz halda sükan arxasına keçməsi nəticəsində yuxulama halları daha da çoxalıb. Bu da öz növbəsində sükan arxasında yuxulama səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayında artıma səbəb olub və məsələ ictimai diqqət mərkəzinə çevrilib.

Ekspert qeyd edib ki, bu, yalnız sürücünün deyil, nəqliyyat vasitəsindəki sərnişinlərin də həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

“Əgər sürücü özünü yolda yorğun və ya yuxulu hiss edirsə, mütləq şəkildə avtomobili saxlamalı, istirahət etməli və yalnız bundan sonra hərəkətə davam etməlidir. Hətta belə vəziyyətlərdə Dövlət Yol Polisi postlarında da avtomobili dayandıraraq, xidmət aparan əməkdaşlara müraciət edib, xüsusi ayrılmış otaqlarda dincəlmək mümkündür. Bu imkanlardan istifadə etməklə həm sürücülər, həm də sərnişinlər üçün təhlükəsizlik təmin oluna bilər”.

Rəfiqə Namazəliyeva,

Aznews.az

Seçilən
13
aznews.az

1Mənbələr