AZ

Günay Əfəndiyeva: İnanıram ki, yaxın gələcəkdə Aşıq Ələsgərin misraları təkcə Göyçə mahalında deyil, bütün dünyada səslənəcək

“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdim olunması həm tarixi, həm də aktuallığı baxımından bu gün olduqca böyük önəm daşıyır. Çünki bu nəşr bizi tariximizə qaytarır, keçmişimizi unutdurmur. Bu kitab tarixi həqiqətlərin, gerçəkliklərin və sübutların toplusudur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Zirə Mədəniyyət Mərkəzi - EKO Parkda keçirilən Qərbi Azərbaycan İcması tərəfindən hazırlanan və nəşr olunan “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimində deyib.

Deputat XIX əsrin birinci yarısında Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığının Rusiya imperiyasının tərkibinə daxil olmasına diqqət çəkib.

Ermənistan tərəfindən aparılan milli irqçilik və etnik təmizləmə siyasətindən bəhs edən G.Əfəndiyeva çıxışında, həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışındakı tarixi çıxışını xatırladıb, İrəvanın tarixi mərkəzinin ermənilər tərəfindən məhv olunmasına diqqəti çəkib.

Deputat kitabın nəşrini də yüksək qiymətləndirərək bildirib ki, nəşrdə yer alan sənəd, fotoşəkil, sübut və mənbə dövlətimizin məsələ ilə bağlı haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Qərbi Azərbaycanın mədəni irsinin yaşadılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirlərdən danışan parlamentari bu il görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin, 2022-ci ildə İrəvan Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd olunmasını, eləcə də ötən il Aşıq Ələsgərin abidəsinin Bakıda açılışını bu sahədə atılmış mühüm addımlar kimi dəyərləndirib.

Deputat tezliklə Göyçədə Ağ Kilsə kəndində Aşıq Ələsgərin məzarının bərpa olunacağına və abidəsinin ucaldılacağına əminliyini ifadə edib.

“İnanıram ki, yaxın gələcəkdə Aşıq Ələsgərin misraları, sadəcə, Göyçə mahalında deyil, bütün dünyada səslənəcək”, - deyə Günay Əfəndiyeva qeyd edib.

Seçilən
8
2
azerbaijan-news.az

4Mənbələr