Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya tədarükü bu ərəb ölkəsinin tarixində mühüm bir hadisə kimi qiymətləndirilir. Eyni zamanda proses Suriyanın yenidən qurulmasında Azərbaycanın getdikcə daha böyük rol oynamağa başladığını göstərir.
Xatırladaq ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın sözlərinə görə, bu həftə Azərbaycandan nəql olunan qaz Suriyaya tədarük ediləcək: “Azərbaycanla SVOP razılaşması imzalamışıq. Bununla da Azərbaycandan ixrac olunan qazı Kilis üzərindən Suriyaya, Dəməşqə ixrac edəcəyik. Avqustun 2-də Azərbaycan, Suriya və Qətərdən olan həmkarlarım ilə bu mərasimi Kilisdə rellaşdıracağıq”. Alparslan Bayraktar onu da əlavə edib ki, nəql olunacaq qaz Suriyanın elektrik enerjisinin istehsalında istifadə olunacaq: “Suriyaya ixrac olunacaq 6 milyon kubmetr qaz ilə gündəlik 1200 meqavat həcmində elektrik enerjisi istehsalını həyata keçirmək mümkün olacaq. Beləliklə, Suriyadakı mövcud enerji təsisatlarını yanacaqla təmin etmiş olacağıq. Bununla da Suriyada hazırda gün ərzində mövcud olan 3-4 saatlıq elektrik enerjisi verilişi, 10 saata qədər artırılacaq. Bu, insanların həyatına müsbət təsir göstərəcək”. Azərbaycanın Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın SANA agentliyinə bildirib ki, Türkiyə ərazisi ilə Suriyaya Azərbaycan təbii qazının tədarükünün avqustun 2-də başlanması iki dost xalqın səbirsizliklə gözlədiyi tarixi hadisədir. Diplomatın sözlərinə görə, tədarük haqqında razılaşma Azərbaycan və Suriya prezidentləri - İlham Əliyev və Əhməd əş-Şaranın Suriya liderinin rəsmi səfəri çərçivəsində iyulun 12-də Bakıda keçirilən görüşünün nəticəsidir: “Bu, iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisədir”. O, həmçinin qeyd edib ki, prezident Əhməd əl-Şaranın rəhbərliyi altında Suriyanın yeni rəhbərliyi inkişafı sürətləndirmək və vətəndaşların həyat səviyyəsini yüksəltmək məqsədilə Suriya xalqının üzləşdiyi bütün problemlərin, xüsusilə iqtisadi sahədəki problemlərin həlli üçün səy göstərir: “Azərbaycan təbii qazı elektrik enerjisi istehsalı güclərinin artırılmasında strateji rol oynayacaq ki, bu da gələcək iqtisadi bərpanın təminatıdır”. Qeyd edək ki, Türkiyə ərazisində Suriya sərhədinə qədər qaz kəmərinin çəkilməsi ilə bağlı işlər qısa müddətdə başa çatdırılıb. Suriya tərəfində də qazın qəbulu üçün bütün zəruri tədbirlər tamamlanıb. Layihənin maliyyələşdirilməsini Qətər təmin edib. Türkiyədən Suriyaya gündəlik 6 milyon kubmetr həcmində planlaşdırılan qaz tədarükü 1 200 MVt-a qədər elektrik enerjisi istehsalını təmin edəcək. Türkiyədən əlavə 500 MVt elektrik enerjisi tədarükü nəzərə alınmaqla, Suriyada elektrik təchizatı saatlarının ümumi sayı sutkada 10 saata qədər artacaq. Bu, ölkə üçün mühüm hadisə hesab olunur. Xatırladaq ki, Azərbaycan bu günə kimi 12 ölkəyə qaz ixrac edir və bunlar da əsasən Avropa ölkələridir. Bu gün Azərbaycan üçün yeni coğrafiya formalaşır - Yaxın Şərq. Bir məsələni də qeyd edək ki, Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Bu da Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini vəd edir. Daha bir məqam odur ki, Azərbaycanın elektrik enerjisi istehsalı kimi qarşısında yeni imkanlar açılır. Azərbaycan Yaxın Şərq regionuna da elektrik enerjisi ixrac edə bilər. Perspektivdə bu məsələnin üzərində də geniş dayanılması gözlənilir.
Beləliklə, Azərbaycanın coğrafi mövqeyi və iqtisadi potensialı onun həyata keçirdiyi xarici siyasətin yalnız Cənubi Qafqaz regionu ilə məhdudlaşmadığını göstərir. Yaxın Şərq ölkələri ilə qurulan tərəfdaşlıq münasibətləri isə Azərbaycanın bu bölgədə də fəal siyasət aparmasına şərait yaradır. İndiki halda Azərbaycanın Suriyanın yenidən qurulmasında iştirakı Yaxın Şərq regionunda mövqelərimizin möhkəmlənməsi baxımından ölkəmizin maraqlarına cavab verir. Suriyada sabitliyin və sülhün qorunub saxlanmasında Azərbaycan strateji tərəfdaşımız olan Türkiyə ilə koordinasiyalı şəkildə hərəkət edir. Eyni zamanda, ölkəmizin digər strateji tərəfdaşı olan İsrailin də Suriyada maraqları olduğundan, Azərbaycan bu maraqları uzlaşdırmağa və bölgənin inkişafına töhfə verməyə çalışır. Onu da xatırladaq ki, Suriyadakı əvvəlki hökumətin vaxtında Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirilib. Buna görə də iki ölkə arasındakı münasibətlər soyuq olub. Ermənipərəst mövqedən çıxış edən Bəşər Əsəd rejimi Suriya İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış edib, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb, qəbul olunan sənədlərə qoşulmayıb. Sözügedən rejimin çöküşündən sonra isə Suriya ilə Azərbaycan arasında tarixən var olan əlaqələr yenidən bərpa olunub və müsbət məcrada inkişaf etməyə başlayıb. Bundan ən çox fayda görən tərəf elə Suriyanın özüdür. Proseslər bu gedişlə Azərbaycanın Yaxın Şərq regionunda getdikcə daha güclü mövqe sahibi olacağını göstərir.
Ramil QULİYEV