AZ

Bu saatlarda yatanlar risk altındadır: Zərəri sübut olundu

Uzun illərdir sağlam qalmaq üçün gündə 8 saat yuxunun kifayət etdiyi düşünülürdü. Lakin yeni araşdırmalar göstərir ki, təkcə yuxunun müddəti yox, vaxtı və nizamı da sağlamlıq üçün həlledici rol oynayır.

E-saglam.az xəbər verir ki, alimlər gec saatlarda yatmağın çox ciddi xəstəliklərlə əlaqəli olduğunu sübut ediblər.

Gec yatanlarda ölüm riski 53% artır

Pekin Universitetinin professoru Dr. Shengfeng Wang-ın rəhbərlik etdiyi genişmiqyaslı araşdırma zamanı 88 min insanın yuxu rejimi 7 il boyunca izlənilib. Aşkarlanıb ki, nizamsız yuxu rejimi 172 müxtəlif xəstəliyin 23 faizi ilə əlaqəlidir və bu vəziyyət ölüm riskini 53 faiz artırır.

Qaraciyər, diabet və sinir sistemi risk altındadır

Araşdırma nəticələrinə görə, gecə saat 00:30-dan sonra yatanlarda qaraciyər sirrozu riski 2.5 dəfə artır. Qanqrena riski 2 qat, Parkinson xəstəliyi 37%, 2-ci tip diabet isə 36% daha çox qeydə alınıb.

Sadəcə “çox yatmaq” kifayət etmir

Tədqiqatçılar bildirirlər ki, yalnız yuxunun müddətinə diqqət yetirmək problemi həll etmir. 172 xəstəliyin 58 faizi yuxunun keyfiyyətsizliyi və vaxtındakı nizamsızlıqla əlaqəlidir.

“Çox yatanlar” əslində kifayət qədər yatmırlar

Yayılmış bir inanca görə, doqquz saatdan çox yatmaq infarkt riskini artırır. Lakin yeni ölçmələr göstərib ki, bu insanlar əslində gecə boyunca tez-tez oyanır və real olaraq altı saatdan az yatırlar.

Orqanizmin bioloji saatı pozulanda...

Alimlər vurğulayır ki, bioloji saatın – yəni sirkadiyalı ritmin – pozulması immun sisteminə, hormonlara və maddələr mübadiləsinə birbaşa təsir edir. Məsələn, KOAH və böyrək çatışmazlığı kimi xəstəliklərin inkişafı bu ritmin pozulması ilə əlaqələndirilir.

Sadə qaydalar, böyük dəyişikliklər

Neyroloq Matt Walker yuxu rejiminin sağlam həyat üçün zəruri olduğunu bildirir. Onun tövsiyələri sadədir: hər gün eyni saatda oyanın, yatmazdan əvvəl işıqları söndürün və yataq otağını yalnız yuxu üçün istifadə edin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
38
e-saglam.az

1Mənbələr