Sədrəddin Soltan: “Bu məsələ qarşıdurmadan daha çox fikir ayrılıği kimi dəyərləndirilməlidir”
Londonun Fələstin dövlətini tanımaq planlarını elan etməsindən sonra İsrailin baş naziri Benyamin Netanyahu britaniyalı həmkarı Keir Starmeri HƏMAS hərəkatının “dəhşətli terrorizmini təşviq etməkdə” ittiham edib.
"Starmer HƏMAS-ın dəhşətli terrorunu təşviq edir və onun qurbanlarını cəzalandırır. Bu gün İsrailin sərhədindəki cihadçı dövlət sabah Britaniyanı təhdid edəcək", - İsrailin baş naziri yazıb və əlavə edib ki, "bu baş verməyəcək".
Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyi ölkəsinin Starmerin bəyanatını rədd etdiyini və bunu “Həmas üçün bonus” adlandırdığını bildirmişdi. İsrail Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Londonun planları “Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi səylərinə zərbə vurur”.
Bu qarşıdurma İsrailə nə vəd edir?
"Söhbət təkcə Fələstinin tanınması məsələsi deyil, bu həm ərəb ölkələri ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi, həm də burada regionda maraqların mübarizəsində aparıcı qütbdə olmaq məsələsi var və s. Rəsmi Londan bəyan edir ki, Qəzzada vəziyyət yaxşılaşmazsa Fələstinin müstəqilliyini tanıyacaq. Eləcə də bildirir ki, Fələstinin müstəqilliyinin tanınması həm də İsrailin təhlükəsizliyi deməkdir".
Bunu baki-xeber.com-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi sərhçi Sədrəddin Soltan deyib.
Ekspert əlavə edib ki, ötən illərin hadisələri sübut edir ki, bir-birini əvəzləyən və ya sıradan çıxarılan siyasi-hərbi qüvvələr Fələstinin müstəqillik ideyasindan əl çəkmir: "Ona görə də dünyanın bir sıra gücləri Fələstinin müstəqilliyini həm də İsrailin təhlükəsizliyi kimi qəbul edir. Bu məsələ qarşıdurmadan daha çox fikir ayrılıği kimi dəyərləndirilməlidir. Bu fikir ayrılığı ABŞ-ın iştirakı ilə həll edilə bilər. Çunki Osmanlı dövlətindən sonra bu region Fransa və Böyük Britaniyanın müstəmləkəsi olub və indi də bu və ya digər şəkildə onlar sözügedən ərazilərə nəzarət imkanlarına malikdir. Ona görə də rəsmi London və Paris Fələstin məsələsindən istifadə etməklə Yaxın Şərqdə öz mövqelərini və güclərini bərpa etmək fikrindədirlər. Çünki Yaxın Şərqdə ABŞ yeganə güc kimi görünür, onun yanında isə Çinin ərəblərlə sakit əməkdaşlıq etməsi hiss olunmaqdadır. O baxımdan, ABŞ və Çinlə yanaşı Fransa və Böyük Britaniya da regionda maraqlarının təmin olunmasını istəyirlər.
Bu məsələdə İsrail daha çox ABŞ-ın maraqlarının təmsilçisi olduğundan, regionda başqa dövlətlər də var ki, Fələstinin müstəqilliyini tanımaqla Amerika ilə nüfuz dairəsini bölüşmək istəyrilər. Məsələn, belə dövlətlərdən biri də Kanadadır. Rəsmi Ottavanın bu addımı Donald Trampın Kanadanı Amerikanın 51-ci ştati elan etməsi iddiasına qarşı verilmiş qərardır.
Kanada bu ilin sentiyabrında keçiriləcək BMT Baş Assambleyasının toplantısında bu qərarını açıqlayacağını bildirib.
Artıq dünyada İsrailin təhlükəsizliyinin təmin edilməsinin bir elementi kimi Fələstinin müstəqilliyinin tanınması olduğu təsdiqlənir. Bu məsələdə son söz sahibi, təbii ki, ABŞ və İsrail olacaq. Çunki İsrail bu torpaqları özünün muxtar bölgəsi kimi tanıyır. Ona gôrə də Fələstinin müstəqilliyinin tanınması İsrailin mövqeindən daha çox asılıdır.
Fikrimcə, İsrail bu məsələdə Böyük Britaniya ilə qarşıdurmaya getməyəcək. Çunki Böyük Britaniya daha çox ABŞ-ın müttəfiqidir. O üzdən hesab edirəm ki, ABŞ və Böyük Britaniya mövqelərinin uzlaşması ehtimalı böyükdur. Bu isə İsrailin narazılıqlarının aradan qalxmasına səbəb ola bilər".
Akif NƏSİRLİ