Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. “Şəxsən mən bu dili sevirəm.” Bu sözlər xalqı üçün daim çalışan Ümummilli Lider Heydər Əliyevə aiddir.
Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili, onun əhalisinin əsas ünsiyyət vasitəsidir.
Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.
Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda Ulu Öndər Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi ulu öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur.
Ana dilimizə göstərilən bu qayğı və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.
Şübhəsiz ki, müstəqilliyin ən mühüm atributlarından biri dil məsələsidir. Müstəqilliyin ilk illərində dövlət dili ilə bağlı fərqli mövqelər ortaya qoyulurdu. Məsələnin ciddiliyini nəzərə alan ümummilli lider Heydər Əliyev bununla bağlı müzakirələr keçirir.
Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımız Cənab Ilham Əliyevin diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Hər bir azərbaycanlı da, öz növbəsində, vətəndaş borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərməli, onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Yalnız bu yolla dilimizi qoruyub və nəsildən-nəsilə ötürə bilərik.
Fikirlərimi Azərbaycan dilini sevmək, qorumaq, onun işləkliyini təmin etmək, dilimizi təbliğ etmək barədə ümummilli lider Heydər Əliyev olduqca dəyərli fikirləri ilə yekunlaşdırıram: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var.
Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi