80-dən çox yük maşını sürücüsü aylardır işləməkdə çətinlik çəkirlər. Səbəb isə onların yüklərini daşımaq üçün Kürdəmir rayonu ərazisində olan yol problemidir.
Xezerxeber.az-ın məlumatına görə, Ələt-Astara dəmiryol tikintisi və Yuxarı Şirvan su kanalının bərpası üzrə layihələrdə işləyən yük maşınlarının sürücüləri deyir ki, Ələt-Astara yoluna yük daşıyarkən Bakı-Qazax avtomagistralına çıxmaq üçün gəlməyə yol tapmırlar. Daha doğrusu yol var, amma bərbad vəziyyətdədir.
Sürücülərin dediyinə görə, su kanalının bərpası ilə bağlı mal və materialların daşınması üçün isə Ağsu şəhərindən keçmək lazımdır. Lakin burada da yük maşınlarının şəhərə giriş qadağası var.
Bir sözlə, sürücülərin istəyi Kürdəmir ərazisindən keçən yolun təmiri, Ağsu rayonuna isə müəyyən saatlarda yük maşınlarının girişinə icazə verilməsidir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən də təsdiq edildi ki, həmin yollarda hərəkətdə dəyişiklik edilib.
Yük maşınları üçün Ağsu rayonunda hərkətin təmin edilməsi məsələsinə gəldikdə isə, İdarədən qeyd olundu ki, rayonun Heydər Əliyev pr-də olan yük avtomobillərinin hərəkətini qadağan edən yol nişanları ilə birgə, qüvvədə olma vaxtı 18.00-dan 10.00-dək olan əlavə yol nişanının təbiqi üçün vəsatət qaldırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.