Dördqat Formula 1 dünya çempionu Maks Verstappen 2026-cı ildə də “Red Bull” komandasında çıxış edəcəyini təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, "GPBlog" təcrübəli pilotun dediklərini belə çatdırıb.
"Şayiələrə son qoymağın vaxtıdır. 2026-cı ildə də ‘Red Bull’un tərkibində yarışacam"
Bundan əvvəl “Red Bull”un məsləhətçisi Helmut Marko Almaniya mediasına açıqlamasında Verstappenin komandada qalacağını bəyan etmişdi. Bu açıqlama “Mercedes” pilotu Corc Rassellin Avstriya Qran-prisi zamanı verdiyi açıqlamadan sonra gəldi. Rassell həmin vaxt Verstappen ilə “Mercedes” arasında danışıqlar getdiyini söyləmiş və bu, idman ictimaiyyətində potensial keçid müzakirələrinə səbəb olmuşdu.
Maks Verstappen Formula 1-də debütünü 2015-ci ildə edib. 2016-cı ildən “Red Bull”un əsas heyətində çıxış edir və qazandığı bütün dünya çempionluqlarını məhz bu komanda ilə əldə edib. Onun hazırkı müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir.