AZ

Zatulinə sərt mesaj: Xankəndidə hansı abidənin qalacağına digər dövlət yox, Bakı qərar verir!

Ermənipərəst mövqeyi ilə tanınan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin  yenidən qərəzli və əsassız bəyanatları ilə antiazərbaycan ritorikasını davam etdirib. Konstantin Zatulinin açıqlamaları, ilk növbədə, beynəlxalq hüquqa və tarixi reallıqlara qarşı hörmətsizlikdir. Azərbaycan ərazisində yerləşən Xankəndidə hansı abidənin saxlanılacağı və ya hansı abidənin söküləcəyi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti verir. Azərbaycan ərazisində aparılan bərpa və yenidənqurma işləri vandalizm deyil, əksinə, işğal dövründə ermənilər tərəfindən dağıdılmış şəhərlərin, mədəni irsin və tarixi abidələrin dirçəldilməsi prosesidir. Qeyd edək ki, Ayvazovskinin abidəsi 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən “Rusiya Şöhrət xiyabanı” layihəsi çərçivəsində qanunsuz ucaldılmışdı. Zatulin unudur ki, həmin abidə Azərbaycanın razılığı olmadan, sülhməramlı mandatına tam zidd olaraq Rusiya hərbçiləri tərəfindən Xankəndidə ucaldılmışdı. O zaman nə Azərbaycan hökumətindən, nə də yerli hüquqi orqanlardan hər hansı icazə alınmamışdı. Rusiya bu ərazilərə müvəqqəti və konkret sülhməramlı missiyası ilə yerləşdirilmişdi. Onların mandatında mədəni təbliğat aparmaq, abidələr ucaldmaq və ya erməni mərkəzli simvolları möhkəmləndirmək kimi fəaliyyətlər yox idi. Zatulin unutmamalıdır ki, Ayvazovskinin abidəsinin hansı məqsədlə və hansı niyyətlə Xankəndidə ucaldılması da bəllidir- bu, süni şəkildə “erməni izi” yaratmaq cəhdi idi.  Bu cür uydurmalara son qoyulub, artıq  Azərbaycan ərazisində simvolik mənəvi işğal vasitələrinə yer yoxdur.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki,  Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi əsassız və təxribatçı fikirlər bir daha göstərir ki, o, tarixdən, hüquqdan və reallıqlardan tamamilə uzaq, siyasi manipulyasiya və ermənipərəst təbliğatla məşğuldur. Onun hər dəfə  erməni lobbisinin diktəsi ilə çıxış etməsi, hətta Rusiyanın maraqları ilə ziddiyyət təşkil edən məsələlərdə belə, İrəvanın tərəfində yer alması Zatulinin siyasi və mənəvi etibarsızlığının göstəricisidir. Belə bir şəxsin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər isə ciddiyə alınmalı deyil və yalnız radikal dairələrin sifarişinə xidmət edir.

Azərbaycan dövləti hər zaman olduğu kimi, bu gün də istər yerli, istərsə də dünya mədəni irsinə böyük hörmətlə yanaşır və tarixi abidələrin bərpasını, qorunmasını təmin edir. Qarabağda yerləşən bütün dini və mədəni abidələr - istər Alban məbədləri, istərsə də digər tarixi irs nümunələri Azərbaycan dövlətinin nəzarəti və himayəsi altındadır. Zatulin anlamalıdır ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və burada aparılan hər bir fəaliyyət-istər bərpa, istərsə də mədəni irsin qorunması - beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirilir. O, əgər vandalizm axtarırsa, əvvəlcə 30 illik işğal dövründə Ermənistanın törətdiyi dağıntılara-60-dan çox məscidin təhqir olunmasına, qəbiristanlıqların viran edilməsinə və muzeylərin talanmasına baxsın.

K.Bayramov əlavə edib ki, Zatulin və onun kimilər bilməlidir ki, Azərbaycan dövləti öz mədəni irsinə sahib çıxır və heç bir təzyiq, qərəzli fikirlər bu mövqeyi dəyişə bilməz.

Seçilən
8
ikisahil.az

1Mənbələr