AZ

Zaxarova “təxribat olacaq” dedi, Bakıya hədəf göstərdi – Azərbaycanlılar təhlükədə, iki ölkə…

  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azərbaycanla davam edən gərginliklə bağlı son açıqlaması birmənalı qarşılanmadı. Zaxarova Ukrayna Təhlükəsizlik Xidmətinin Bakı və Moskva arasında mövcud ziddiyyətləri milli nifrətə çevirmək üçün müxtəlif vasitələrdən istifadə etməyə hazırlaşdığını bildirib.

XİN rəsmisinin sözlərinə görə, Kreml Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribat törətməyə hazır olan Rusiya vətəndaşlarından istifadə etmək planlarından xəbərdardır. Zaxarova əlavə edib ki, belə bir hal baş verərsə, bu, Azərbaycan, Türkiyə və Avropa mətbuatında Rusiyanın təcavüzü kimi qiymətləndiriləcək.

Rusiya rəsmisinin iddiası nə dərəcədə realdır? Ümumiyyətlə, Kiyev hansı metodlarla Moskva və Bakı arasında münasibətlərin gərginləşməsinə çalışa bilər?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli bildirib ki, Rusiya rəsmiləri Azərbaycanla münasibətlərin gərginləşməsində real səbəblərə deyil, daha çox uydurma və saxta faktorlara diqqət çəkirlər:

“Hadisələri elə təqdim edirlər ki, sanki Rusiya hüquq-mühafizə orqanları yalnız bu ölkənin vətəndaşı olan azərbaycanlıların qanunsuz əməllərinə qarşı mübarizə aparır və bu əməliyyatlar zamanı qanunsuzluqlar aşkarlanıb. Lakin belə təqdimat Kremlin tapşırığı ilə məqsədyönlü şəkildə həyata keçirilir. Diaspor amilindən Azərbaycana qarşı ardıcıl və davamlı təzyiq vasitəsi kimi istifadə etməyə başlayıblar. Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri və digər üzvlərinə qarşı bu kimi yanaşmalar Moskvanın birbaşa mesajı olaraq dəyərləndirilməlidir”.

Politoloq qeyd edib ki, Azərbaycan bu addımları Rusiyanın qeyri-dost mövqeyi kimi qiymətləndirib, həmçinin məsələ ilə bağlı rəsmi səviyyədə Xarici İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən müxtəlif açıqlamalar verilib:

“Son dövrdə isə Azərbaycan diasporuna qarşı etnik zəmində törədilən silsilə cinayətlər, mülkiyyətin ələ keçirilməsi və vətəndaşlıqdan məhrum edilmə kimi qeyri-qanuni əməllərin şahidi oluruq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarovanın açıqlaması bundan sonra da Azərbaycan diasporu və miqrantlara qarşı etnik zəmində cinayətlərin, zorakılığın gizlədiləcəyinə işarə edir.

Ruslar artıq cinayətlərin məsuliyyətini üçüncü qüvvələrin üzərinə ataraq öz əməllərini ört-basdır etməyə çalışırlar. Bakı-Moskva münasibətlərinin pozulmasına görə Kiyevi günahlandırmaq isə tamamilə əsassızdır. İki ölkə arasındakı gərginliyin səbəbləri aydındır – AZAL-a məxsus təyyarənin vurulması, cinayətkarların cəzasız qalması, soydaşlarımıza qarşı qərəzli münasibət və s. Bu kimi hallar əlaqələrə mənfi təsir göstərir. Əgər Rusiya Azərbaycanla münasibətlərin normallaşmasını istəyirsə, rəsmi Bakıya qarşı mövqeyini yenidən nəzərdən keçirməlidir”.  

Seçilən
5
referans.az

1Mənbələr