AZ

Şüvəlandakı park uşaqlar üçün təhlükəyə çevrilib - İDDİA

Şüvəlan qəsəbəsinin Şimal DRES massivində salınan park hazırda baxımsız və təhlükəli vəziyyətdədir. Parkda işıqlandırma sistemi yoxdur, yollar palçıqlı, yaşıllıqlar isə qurumuş vəziyyətdədir.

Sakinlər dəfələrlə şikayət etsələr də, hələlik heç bir tədbir görülməyib.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, park artıq bir ilə yaxındır acınacaqlı vəziyyətdədir:

"Bir il əvvəl gəlib burada müəyyən işlər gördülər, lakin onları yarımçıq qoyub getdilər. Artıq 6-7 aydır ki, əraziyə 20 minə yaxın ağac əkilib. Lakin su təminatı olmadığından onların hamısı quruyub. Asfalt örtüyü isə yararsız vəziyyətdədir. Toz-torpaq evlərimizin içərisinə qədər dolur. Kimə müraciət ediriksə, nəticə yoxdur", - deyə sakinlərdən biri narazılığını bildirib.

Məsələ ilə bağlı Xəzər rayonu 130 saylı Mənzil-Kommunal İstismar Sahəsindən bildirilib ki, Şüvəlan qəsəbəsi, Şimal DRES massivində 14, 16, 18, 20 və 2, 4, 6, 8 saylı ünvanlarda park salınıb, lakin asfalt örtüyü hələ döşənməyib:

"Bəzi kiçik çatışmazlıqlar mövcuddur. Onlar yaxın vaxtlarda aradan qaldırılacaq və məsələ tezliklə həll olunacaq".

Parkın tikinti işlərini həyata keçirən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən isə bildirilib ki, problemdən xəbərdardırlar və məsələ bu ilin sonuna qədər həll ediləcək.

Ətraflı süjetdə:

Seçilən
23
3
far.az

4Mənbələr