AZ

TASS üzr istəməsə, Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər GÖRÜLƏCƏK

“Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir”.

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ilə bağlı bildirib.

“Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət idi.
 

Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik.


Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər.

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik.

Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur", - A. Hacızadə qeyd edib.

Bizim.Media

Seçilən
100
13
bizim.media

5Mənbələr