AZ

"Fransanın qərəzli siyasəti qeyri-ciddi qətnamələrdə də özünü aydın göstərir"

"Fransa mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində səsləndirilən  fikirlərin  Milli Assambleyada irəli sürülmüş qətnamə layihəsində  öz əksini tapması cızılan ssenarinin  arxasında  Makron administrasiyasının dayandığını bir daha  təsdiqləyir.  Fransanın siyasi dairələrinin, o cümlədən parlamentinin Yelisey sarayından alınmış təlimatlar əsasında anti-Azərbaycan və islamofob fəaliyyəti davamlılığı ilə diqqətdədir. Bu dəfə həmin təlimatın icraçısı Fransada iqtidar koalisiyanın üzvü "Respublikaçılar" partiyasıdır". 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında deyib ki, atılan bu addım  təsadüfi xarakter daşıya bilməz. Azərbaycan diplomatiyasının son zamanlar müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe, xüsusilə Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə dair mövqeyi  rəsmi Parisdə ciddi narahatlıq doğurur. "Bu kontekstdə, Prezident Emmanuel Makronun administrasiyası məhz Azərbaycanı hədəfə alan qətnamə layihəsi ilə çıxış etməklə ölkəmizə qarşı qərəzli mövqeyini  açıq-aşkar nümayiş etdirir. Bu sənəd bir daha göstərir ki, Fransada bəzi dairələr Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsində maraqlı olmadıqları üçün qərəzli yanaşmalarını davam etdirirlər. Qərəzli qətnamənin müəllifləri də  daim erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, anti-Azərbaycan mövqeləri ilə tanınan şəxslərdir", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, Fransanın ölkəmizə qarşı qərəzli siyasəti qəbuledilən  qeyri-ciddi, Azərbaycan üçün adi kağız parçası olan qətnamə layihələrində də özünün aydın ifadəsini tapır: "Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının irəlilədiyi bir mərhələdə,  xüsusən Əbu-Dabi görüşündən sonra belə bir qətnamə layihəsinin gündəmə gətirilməsi Fransanın sülh prosesindən narahat olduğunu, danışıqlar  prosesindən kənarda qalmasını həzm edə bilmədiyini bir daha təsdiqləyir. Fransa Milli Assambleyasında irəli sürülən bu kimi qətnamələr beynəlxalq hüquqa zidd olmaqla yanaşı, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlikdir".

V.Rəhimzadə bildirib ki, qətnamə layihəsində  Ermənistanın "sülhsevər tərəf" kimi göstərilməsi, əslində, təəccüb doğurmur: "30 illik işğal dövründə də eyni yanaşma nümayiş etdirən bəzi dövlətlər, o cümlədən Fransa bununla  ikili standartlara əsaslanan siyasətini bir daha nümayiş etdirir. 28 il dünyadan ədalət gözləməsi Azərbaycanın sülh siyasətinin təsdiqi idi. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan ölkəmiz artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin sülh danışıqları əsasında həllinə səy göstərdi. Ermənistanın havadarlarının dəstəyinə arxalanaraq danışıqlar prosesinə sadəcə imitasiya xatirinə qatılması keçmiş münaqişənin həlli prosesinin 30 ilə yaxın uzanmasına gətirib çıxardı. 44 günlük İkinci Qarabağ müharibəsi, bir sutkadan az davam edən lokal antiterror tədbirləri ədalətin, beynəlxalq hüququn kimin tərəfində olmasının, Azərbaycanın real imkanlarının təqdimatı oldu. 44 gündə 30 ilin ədalətsizliyinə son qoymaq, tarixi ədaləti bərpa etmək Ermənistana və ona dəstək verənlərə dərs oldu. Bu gün Fransa kimi demokratik dəyərləri, ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında  gizlədən dövlətlər reallığı inkar etməyə çalışsalar da, sülh gündəliyinin müəllifi Azərbaycandır. Tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn beş əsas prinsipini özündə ehtiva edən  sülh təklifini irəli sürən tərəf də Azərbaycandır. Ötən bu illər ərzində ölkəmizin sülh müqaviləsinin imzalanması istiqamətində üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirdiyi göz qabağındadır".

Qətnamə layihəsində  Azərbaycan xalqına qarşı törədilən cinayətlərə göz yumulduğunu qeyd edən deputat diqqətə çatdırıb ki, bu gün işğaldan azad edilmiş ərazilərimiz, əslində, erməni vəhşiliyinin dünyaya əyani təqdimatıdır, bu torpaqlarda olan xarici qonaqlar törədilən vəhşilikləri gözləri ilə görürlər. "Özlərinə saxta tarix yazan ermənilərin dəstəkçiləri unudurlar ki, tarixi həqiqətləri ört-basdır etmək mümkün deyil. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı erməni vəhşiliyinin bariz göstəricisidir. Qondarma qətnamə layihəsində Qərbi Azərbaycandan qovulan soydaşlarımızın geri qayıdış hüququ haqqında heç bir kəlmə qeyd edilmir. Amma bu kimi yanaşmalar Azərbaycan tərəfini narahat etmir. Çünki tarixi ədalətə söykənən təbliğat sonda qalib olur. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları fonunda Qarabağa və Şərqi Zəngəzura qayıdışımızın davamı olaraq artıq Qərbi Azərbaycana qayıdış günümüzün əsas çağırışıdır. Buna əsas verən tarixi ədalətdir", - deyə o əlavə edib.

V.Rəhimzadə onu da vurğulayıb ki,  Fransa bir tərəfdən Azərbaycanın ünvanına "demokratiya", "insan haqları" kimi anlayışlardan sui-istifadə edir, digər tərəfdən isə öz daxilində Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərində yerli xalqların azadlıq çağırışlarını amansızcasına boğur: "Bu, Fransa dövlətinin neokolonial siyasətinin göstəricisidir. Prezident İlham Əliyev suverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən çağırış etdi ki, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdən çıxıb. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar əminəm ki, peşman olacaqlar".

Deputat qeyd edib ki, qətnamədə mədəni irsin qorunmasından danışan Fransaya qadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəlinin Evian şəhərində təhqir olunmasının qarşısını almadığını xatırlatmaq kifayətdir. Reallıqları maraqlarından irəli gələn yalanlarla ört-basdır etmək, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq mümkünsüzdür. "Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurlarını həzm edə bilməyən Fransa kimi dövlətlərin gündəmə gətirdikləri belə qərəzli, reallıqdan uzaq, özlərinə təsəllidən başqa bir şey olmayan kağız parçaları dövlətimizin siyasətinə təsir etmək imkanında deyil. Azərbaycan hər zaman sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları, qlobal problemlərin həllinə davamlı töhfələri ilə dünyanı bir araya gətirən birləşdirici, sabitləşdirici aktor kimi tanınır, mövqeyini möhkəmləndirir", - deyə V.Rəhimzadə əlavə edib.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
51
8
azerbaijan-news.az

9Mənbələr