AZ

Azərbaycanın şəfa xəzinəsi...

Naftalanın neftindən Naxçıvanın Duzdağına qədər 

Zaman o zamandır ki,  insanlar turizmə yalnız dincəlmək üçün yox, sağlamlıqlarını bərpa etmək, müalicə ehtiyaclarını ödəmək üçün də üz tuturlar ki, bu da sağlamlıq  turizmi  deyilən bir sahədə  əks olunur. 

Turizmin bu növü insanların tibbi xidmətlərdən faydalanmaq, reabilitasiya olunmaq məqsədilə yaşadıqları ölkədən başqa ölkəyə səyahət etmələrini özündə birləşdirir. Əslində, artan tibbi xərclər, bəzi səhiyyə xidmətlərinin başqa ölkələrdə əlçatan olması və ya daha yüksəkkeyfiyyətli xidmət axtarışı insanları bu növ turizmə sövq edir.  

Sağlamlıq turizmi ümumilikdə üç əsas kateqoriyaya bölünür: medikal, termal/spa və wellness, yəni sağlam həyat tərzi turizmi. Medikal turizm çərçivəsində insanlar müxtəlif tibbi prosedurlar, məsələn, ürək əməliyyatları, estetik cərrahiyyə, göz lazer müdaxilələri və diş müalicəsi üçün xaricə səyahət edirlər. Bu növ turizmin əsas məqsədi daha keyfiyyətli və ya daha sərfəli tibbi xidmətlərdən yararlanmaqdır. Termal və spa turizmi isə əsasən müalicəvi mineral bulaqlardan və termal sulardan  faydalanmaq məqsədi daşıyır. Bu xidmətlər, xüsusilə əzələ və oynaq ağrıları, dəri xəstəlikləri və xroniki stress kimi problemlərin yüngülləşdirilməsində geniş istifadə olunur. Sağlam həyat tərzi turizmi daha çox zehni və fiziki rahatlığın təmin olunmasına yönəlmişdir. Yoqa düşərgələri, meditasiya proqramları, sağlam qidalanma və detox mərkəzləri kimi fəaliyyətlər bu sahəyə daxildir. Bu üç istiqamət birgə olaraq sağlamlıq turizminin dinamik və çoxşaxəli strukturunu təşkil edir.

Qlobal miqyasda sürətlə inkişaf edən sağlamlıq turizmi sahəsi son illər Azərbaycanda da diqqət mərkəzindədir. Zəngin təbii resurslar olan mineral-termal bulaqlar, müalicəvi palçıq yataqları, Naftalan nefti, Kəlbəcər, Laçın, Şabrandakı Qalaaltı, Naxçıvan kimi regionların balneoterapiya, yəni şəfa mənbələri və müasir tibb müəssisələrinin inkişafı bu sahənin genişlənməsi üçün əlverişli şərait yaradır. Bu turizm məkanları öz unikal təbii şəfa resursları və müalicəvi imkanları ilə həm yerli, həm də xarici turistlər üçün cəlbedici istiqamətlərə çevrilmişdir. Turizm potensialını şaxələndirmək məqsədilə Azərbaycanda həm yerli, həm də xarici turistlər üçün sağlamlıqyönümlü xidmətlərə maraq artmaqdadır. Bu baxımdan ölkənin müxtəlif bölgələrində formalaşan sağlamlıq turizmi mərkəzləri regionun iqtisadi və sosial inkişafında da mühüm rol oynayır. 

Sağlamlıq turizminin inkişafı ölkəyə əlavə investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin açılmasına və bölgələrdə infrastrukturun yenilənməsinə təkan verir. Xüsusilə  də COVID-19 pandemiyasından sonra insanların alternativ və təbii müalicə üsullarına marağının artması bu sahənin əhəmiyyətini daha da artırmışdır. Naftalan neftinin nadir terapevtik xüsusiyyətləri, Qalaaltı sanatoriyasının böyrək və sidik yolları xəstəliklərinin müalicəsindəki müsbət nəticələri və Naxçıvanın təbii duz mağaralarında həyata keçirilən speleoterapiya proqramları artıq beynəlxalq səviyyədə tanınmağa başlamışdır. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, turizm strategiyalarında sağlamlıq turizminə xüsusi yer verilməsi və beynəlxalq sərgilərdə bu potensialın təbliği Azərbaycanın bu sahədə mövqeyini möhkəmləndirir. 

Azərbaycanda sağlamlıq turizminin üstünlüklərini özündə ehtiva edən faktorlar var. Bunlar təbii müalicə resurslarının  zənginliyi, rəqabətli qiymətlər, asan əlçatanlıq, geniş çeşidli  xidmətlərdir ki, o da ölkəmizi regionda sağlamlıq turizminin inkişafında öncül mövqeyə gətirir, qeyri-neft sektorunun şaxələndirilməsində mühüm rol oynayır. Bütün bu üstünlükləri  əsas tutan  Dövlət Turizm Agentliyi Azərbaycanın sağlamlıq turizm imkanlarının və məhsullarının beynəlxalq səviyyədə tanıdılması və təbliği üçün məqsədyönlü iş aparır.  Agentlikdən verilən məlumata görə, son illər bu sahəyə marağın artması ilə əlaqədar bir sıra turizm şirkətləri yerli sanatoriya və müalicə mərkəzləri ilə əməkdaşlıq çərçivəsində müxtəlif turpaketlər hazırlayırlar: "2024-cü il ərzində Azərbaycanın sağlamlıq turizmi xidmətlərindən faydalanmaq üçün ümumilikdə 23 272 nəfər xarici vətəndaş səfər edib ki, bu sayın təxminən 83,4 faizini MDB ölkələrindən gələnlər olub. Səfər edənlər arasında ilk beşlikdə Rusiya Federasiyası (15 360 nəfər), Qazaxıstan (2 199 nəfər), Türkiyə (1311 nəfər), Gürcüstan  (1068 nəfər) və Özbəkistan (935 nəfər) vətəndaşları yer alır. İlk onluqda  adıçəkilən ölkələrdən sonra  Qırğızıstan, Türkmənistan, Tacikistan, Ukrayna və Belarus kimi ölkələr sıralanır". 

Yeri gəlmişkən qeyd edək ki, ötən ay  "Sağlamlıq turizminin inkişafı üzrə işçi qrupu"nun yığıncağı olub. İclasda İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyi, Naftalan Şəhər İcra Hakimiyyəti kimi dövlət qurumlarının nümayəndələri və  digər ekspertlər iştirak ediblər. Toplantı zamanı  "Naftalan" kurortunda turistlərin asudə vaxtını daha maraqlı və faydalı keçirməsi ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Qonaqların sağlamlıq xidmətlərindən istifadə etməklə yanaşı, sosial və mədəni fəaliyyətlərə də rahat çıxışının təmin olunmasının vacibliyi vurğulanıb, bu istiqamətdə mövcud şəraitin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səslənib.

Bütün bunlar imkan verir deyək ki, Azərbaycan sağlamlıq turizmi sahəsində özünü dünyaya tanıdır və gələcəkdə bu sahədə daha böyük uğurlara imza atacağına əminlik yaradır. Çünki ölkəmizin zəngin təbii resursları, müasir infrastruktur və yüksək xidmət keyfiyyəti sağlamlıq turizminin inkişafında əsas dayaqlar kimi diqqət çəkir. 

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
5
azerbaijan-news.az

1Mənbələr