AZ

Xaricdən gətirilən meyvə-tərəvəzlərlə bağlı XƏBƏRDARLIQ

Meyvə-tərəvəz qida rasionumuzda əsas və dəyişilməz yer tutur. Xüsusən də yay aylarında meyvə-tərəvəzi daha çox istehlak edirik. Amma bir məsələ var ki, qəbul etdiyimiz meyvə-tərəvəzin bir çoxu xarici ölkələrdən gətirilir. Bəziləri isə ümumiyyətlə ölkəmizdə əkilmir.

Elə isə xaricdən gətirilən meyvə-tərəvəzlər nə qədər təhlükəsiz və faydalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Gündüz Ağazadə deyib ki, qida rasionunda meyvə-tərəvəzin olması vacibdir:

“Amma meyvə-tərəvəz yerli istehsla və mövsümə uyğun olsa daha yaxşıdır. Nəzərə alaq ki, hər mövsümün öz məhsulları var. Mövsümündə istifadə edildikdə həmin meyvə-tərəvəzlər daha faydalı olur.

Burada bir faktor xüsusi əhəmiyyət daşıyır. Bu da meyvə-tərəvəzin yerli istehsal olmasıdır.

Çünki orqanizm onlara erkən yaşlardan öyrəşir. Lakin xaricdən gətirilən və ölkəmizdə yetişdirilməyən meyvə-tərəvəz o qədər də faydalı deyil. Üstəlik xaricdən gətirilən meyvə-tərəvəzlər tam yetişdirilmir.Uzun müddət saxlanılması üçün onlar kal ikən dərilir. Kal meyvədə isə istənilən kalori olmur. Ona görə də çalışmaq lazımdır ki, hər bir meyvə-tərəvəzi mövsümündə qəbul edəsən”.

Müsahibimiz əlavə edib ki, yayda orqanizm qışa nisbətən təxminən 15 faiz az kalori tələb edir:

“Bu da istilik üçün enerji sərf etmək ehtiyacının olmaması ilə əlaqədardır. Günəşin insanlar üçün ən məşhur faydası onun şüalarının D vitamini istehsal prosesini təşviq etməsidir. Belə ki, dəri ultrabənövşəyi şüaları udur. Bu da dəridəki xolesterin molekulunun vitamin D3 - D vitamininin aktiv formasına çevrilməsinə səbəb olur.

İnsanlar D vitaminini qəbul etdikləri meyvə-tərəvəzdən də ala bilir. Günəş şüaları altında yetişmiş meyvə-tərəvəz  orqanizmdə D vitaminin 90 faiz formalaşmasına kömək edir. Ona görə də yayda daha çox meyvə-tərəvəz qəbul etmək daha faydalıdır. Təbii ki, çalışmaq lazımdır ki, meyvə-tərəvəz əsasən yerli istehsal olsun”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr