AZ

Tovuzun üzümü, kartofu, indi isə balı

Təbii iqlimi, zəngin bitki örtüyü ilə əhatə olunmuş Tovuzda arıçılığın inkişafı üçün hər cür şərait var. Bu şəraitdən istifadə edən rayon sakinləri son illər iqtisadi cəhətdən səmərəli olan arıçılığa daha çox maraq göstərirlər.

Tovuzun aqrar sektorunun əsasını bitkiçilik və heyvandarlıq təşkil etsə də, artıq arıçılıq da bu sırada yer almağa başlayıb. Rəqəmlərə nəzər salaq: cari ilin ötən 6 ayında rayonda arı ailələrinin sayı 13188-ə çatmışdır. Amma arıçılar bununla kifayətlənmir, çalışırlar ki, arı ailələrinin sayını daha da artırsınlar. 

Onlar əsasən Boz Qafqaz, Qarabaqtəpə, Sarı Qafqaz kimi yerli, Karinka sortlu xarici cins arılarının çoxaldılmasına daha çox üstünlük verirlər. Son iki ildə yaz aylarının yağmurlu keçməsi arıçılıqda bəzi xəstəliklərin yaranmasına səbəb olsa da aparılan tədbirlər dəyən ziyanı minimuma endirmişdir. Yeri gəlmişkən qeyd edək ki, arıçılıqla məşğul olan sahibkarlara mütəmadi olaraq elmi tövsiyələr, eləcə də saxlanması və yemləndirilməsi qaydaları barədə tapşırıq və tövsiyələr verilir.

Hazırda rayonda 663 arıçı sahibkar var. Onlar cari ilin ötən dövrü ərzində ümumilikdə 119 ton bal istehsal etmişlər. Mütəxəssislər deyirlər ki, ilin axırınadək rayonda 125 ton bal istehsalı gözlənilir. İstehsal olunan məhsulun satışında elə bir problem yaşanmır. Arıçılar istehsal etdikləri balın bir hissəsini elə yerindəcə, bir hissəsini isə Bakıda keçirilən yarmarkada satırlar. 

Həşim Aşırov, Qabil Hacıyev, Həsən Tağıyev, Asif Səlimov, Elbrus Qasımov, Xəyal Qarayev  və başqaları hər il bal istehsalında öndə gedirlər. Qabil Hacıyev artıq bəslədiyi arı ailəsinin sayını 100-ə çatdırmışdır. Hər il bu arı ailələrindən bir tondan çox bal götürür. Xəyal Qarayev isə 134 arı ailəsinə baxır. Sahibkar deyir ki, bu il məhsuldarlıq əvvəlki illərə nisbətən pis deyil. Mövsümun sonunadək arı ailələrindən ton yarım bal götürəcəyinə əmindir. 

Onu da qeyd edək ki, adlarını çəkdiyimiz sahibkarların bir qismi yay mövsümündə turist qəbulu ilə də məşğul olur. Yay aylarında onların qonağı olan turistlər evlərinə dönərkən bal da alırlar. Balın süzülməsini öz gözləri ilə gördüklərindən  onlarda məhsulun təmizliyinə şübhə yeri qalmır.  

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
50
azerbaijan-news.az

1Mənbələr