AZ

İbrahim Cəfərov: 1 Avqust ölkəmizdə Ana Dili Günü kimi qeyd olunur » AzadMedia.az



Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü



Təbii ki, bu günün xüsusi özəllikləri var. Əvvəla, hər bir xalqın ana dilində danışmaq, oxumaq yazmaq hüququ var. Məhz bu gün Azərbaycanda ana dilinin qorunması, təbliği və inkişaf etdirilməsi məqsədilə qeyd olunur. Ana dili millətin mənəvi sütunudur. Onun qorunması və inkişaf etdirilməsi milli kimliyin, mədəniyyətin və tarixi yaddaşın yaşadılması deməkdir.
1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunub.
Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, xüsusi önəm verilirdi. Bu istiqamətdə vacib işlər həyata keçirilirdi. Yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra müstəqil Azərbaycan dövlətinin dil siyasəti də müəyyənləşdi. Bu məsələdə Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"kı fərmanında deyilir: "Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.
Bu gün Azərbaycanda gənc nəsil öz doğma ana dilinə sevgi ilə böyüyür. Bu gün dilin təbliğinə və onun düzgün öyrədilməsinə diqqət artırılır. Məktəblərdə, media orqanlarında və digər ictimai yerlərdə ana dilində danışılır.
Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Ölkə Prezidenti İlham Əliyev müxtəlif çıxışlarında, insanlarla olan söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açır.
Bir sözlə, ana dilimiz bizim milli kimliyimiz, dünyaya vizit kartımızdır. Dilimizi qorumaq, yaşatmaq əsas qayəmizdir, missiyamızdır.
Seçilən
18
1
azadmedia.az

2Mənbələr